"Sağlamlıq estetikadan daha vacibdir" - SOSİOLOQ DANIŞDI

"Sağlamlıq estetikadan daha vacibdir" - SOSİOLOQ DANIŞDI

"Son illərdə dünyada olduğu kimi, Azərbaycanda da estetik və kosmetoloji prosedurlara maraq xeyli artıb. Əvvəllər daha çox burun əməliyyatı, qaşların formalaşdırılması və sinə estetikası ilə rastlaşırdıqsa, bu gün artıq bədənin müxtəlif nahiyələrinin şəkilləndirilməsi, qarın piylərinin götürülməsi, dodaq dolğuları, lazer prosedurları, saç əkimi və digər estetik müdaxilələr geniş yayılıb".

Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.netMir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, xüsusilə yay mövsümündə bu prosedurlara maraq artır:

"Bunun əsas səbəbi insanların daha çox sosiallaşması, açıq geyimlərdən istifadə etməsi və xarici görünüşlərinə daha çox diqqət yetirməsidir. Toylar, məclislər, istirahət və müxtəlif ictimai tədbirlər insanların görünüşlərinə daha həssas yanaşmasına səbəb olur.

Əgər əvvəllər bu sahəyə daha çox qadınlar müraciət edirdilərsə, bu gün kişilər arasında da estetik prosedurların populyarlığı artır. Lazer epilyasiyası, saç əkimi, dəri ləkələrinin aradan qaldırılması, bədən şəkilləndirmə və digər kosmetoloji xidmətlərdən istifadə edən kişilərin sayı da getdikcə çoxalır.

Müxtəlif ölkələrdə bu məsələyə yanaşma fərqlidir. Məsələn, Cənubi Koreya kimi ölkələrdə estetik prosedurlar adi həyat tərzinin bir hissəsi hesab olunur və həm qadınlar, həm də kişilər tərəfindən geniş istifadə edilir. Digər tərəfdən, bəzi Şərq və müsəlman ölkələrində təbii görünüşə üstünlük verilir və estetik müdaxilələrə daha ehtiyatla yanaşılır.

Azərbaycanda da sosial şəbəkələrin, televiziya proqramlarının, serialların və tanınmış simaların təsiri ilə estetik prosedurlara maraq artıb. Bir dövr dodaq dolğuları dəbdə idisə, sonradan lazer prosedurları, saç əkimi, bədən şəkilləndirmə və idman əlavələri vasitəsilə əzələ kütləsinin artırılması kimi tendensiyalar yayılmağa başlayıb.

Lakin estetik prosedurların sağlamlıq baxımından müəyyən riskləri də nəzərə alınmalıdır. Hər bir kosmetoloji və ya cərrahi müdaxilə yalnız peşəkar mütəxəssislər tərəfindən, tibbi göstərişlər və təhlükəsizlik qaydaları əsasında həyata keçirilməlidir. Əks halda infeksiya, allergik reaksiyalar, uğursuz estetik nəticələr və digər sağlamlıq problemləri yarana bilər. Bundan əlavə, bu prosedurlar müəyyən maliyyə xərcləri və sonrakı qulluq da tələb edir.

Bununla yanaşı, insanların şəxsi seçimlərinə hörmətlə yanaşmaq vacibdir. Demokratik cəmiyyətdə hər kəs öz görünüşü ilə bağlı qərar vermək hüququna malikdir. Əgər edilən dəyişikliklər başqalarına zərər vermirsə, bu səbəbdən insanları tənqid etmək, lağa qoymaq və ya onlara psixoloji təzyiq göstərmək doğru deyil. Əsas məsələ qərarların düşünülmüş şəkildə verilməsi, sağlamlığın ön planda tutulması və estetik müdaxilələrin yalnız etibarlı, peşəkar mütəxəssislər tərəfindən həyata keçirilməsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə