Təkbaşına övlad böyüdən qadınlara güzəştlər olunacaq? - ŞƏRH

Təkbaşına övlad böyüdən qadınlara güzəştlər olunacaq? - ŞƏRH

Azərbaycanda təkbaşına azyaşlı övlad böyüdən qadınların iş və ailə öhdəliklərini daha rahat uzlaşdıra bilməsi üçün çevik iş qrafiki, məsafədən işləmək imkanı və əmək güzəştlərinin tətbiqi ilə bağlı təkliflər vaxtaşırı gündəmə gəlir. Mütəxəssislərin fikrincə, bu yanaşmalar çalışan anaların gündəlik yükünü azaltmaqla yanaşı, onların əmək bazarında daha fəal iştirakına da şərait yarada bilər. Bəs bu kimi güzəştlər təkbaşına övlad böyüdən qadınların həyatına nə dərəcədə müsbət təsir göstərə bilər?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli SİA-ya açıqlamasında bildirib ki, çevik iş qrafikinin tətbiqi ilk növbədə işçi ilə işəgötürən arasında əldə olunan razılaşmadan asılıdır.

Onun sözlərinə görə, dövlət sektorunda çalışan qadınlar üçün çevik iş rejiminin tətbiqi daha real görünür. Özəl sektorda isə bu məsələ fəaliyyət sahəsinin xüsusiyyətləri və istehsal prosesinin tələbləri səbəbindən hər zaman mümkün olmaya bilər:

"Nəzəri baxımdan dövlət elə mexanizmlər hazırlaya bilər ki, çevik iş rejimini tətbiq edən müəssisələr və işəgötürənlər müəyyən güzəştlərdən yararlansınlar. Bu cür təşviqlər xüsusilə təkbaşına övlad böyüdən qadınların həm iş fəaliyyətini, həm də ailə məsuliyyətlərini daha rahat idarə etməsinə kömək edə bilər. Dövlət qurumlarında isə bu modelin tətbiqi daha sadədir və qısa müddətdə reallaşdırılması mümkündür. Çevik iş rejimi və məsafədən işləmək imkanlarının genişləndirilməsi təkbaşına azyaşlı övlad böyüdən anaların əmək bazarında fəaliyyətini davam etdirməsinə, eyni zamanda ailə öhdəliklərini daha rahat yerinə yetirməsinə müsbət təsir göstərə bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə