Dondurma əsasən süd, qaymaq, kərə yağı və şəkər kimi məhsullardan hazırlanır. Ev şəraitində hazırlanan dondurmalarda da bu inqrediyentlərdən istifadə olunur. Lakin nəzərə almaq lazımdır ki, istifadə edilən süd və qaymaq çox vaxt emal olunmuş hazır məhsullar olur. Bəzi hallarda isə yumurtadan istifadə edilmir ki, bu da məhsulun saxlanma müddətinə və təhlükəsizliyinə təsir göstərən amillərdən biridir.
Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, süd, qaymaq və digər süd məhsulları tez xarab olan qida məhsulları hesab edilir. Xüsusilə qablaşdırma açıldıqdan sonra onların qısa müddətdə istifadə olunması tövsiyə edilir. Bu məhsullardan hazırlanan dondurma da mümkün qədər qısa müddətdə istehlak edilməlidir. Əgər məhsulun daha uzun müddət saxlanılması nəzərdə tutulursa, o zaman dondurma digər qida məhsullarından, xüsusilə də çiy ət məhsullarından ayrı, hava keçirməyən qapalı qabda və mənfi 18°C və ya daha aşağı temperaturda saxlanmalıdır. Bu şəraitdə məhsul bir neçə həftə ərzində öz keyfiyyətini qoruya bilər. Bununla belə, ən təhlükəsiz seçim dondurmanın qısa müddətdə istehlak edilməsidir:
“İstehlakdan əvvəl məhsulun görünüşünə, qoxusuna və teksturasına diqqət yetirilməlidir. Dadında və ya qoxusunda hər hansı dəyişiklik müşahidə olunarsa, həmin məhsul istifadə edilməməlidir. Eyni zamanda, dondurmanın hazırlanmasında istifadə olunan bütün xammalın son istifadə tarixinin yoxlanılması vacibdir.
Hazırlanmış dondurma otaq temperaturunda uzun müddət saxlanılmamalı, mümkün qədər tez soyuducuya və ya dondurucuya yerləşdirilməlidir. Məhsulun əridildikdən sonra yenidən dondurulması isə qida təhlükəsizliyi baxımından risklidir. Bu proses həm məhsulun keyfiyyətinin pisləşməsinə, həm də mikrobioloji risklərin artmasına səbəb ola bilər.
Ev şəraitində hazırlanan dondurmalarda əsas risklərdən biri də çiy və ya kifayət qədər istilik emalından keçməmiş süd və yumurtanın istifadəsidir. Belə hallarda məhsulun tərkibində mövcud ola biləcək mikroorqanizmlər dondurma prosesi zamanı məhv olmur. Çünki dondurulma mikrobların fəaliyyətini zəiflətsə də, onları tamamilə aradan qaldırmır. Buna görə də istifadə olunan süd və yumurtanın təhlükəsizliyinə, həmçinin gigiyenik hazırlama qaydalarına ciddi riayət olunmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB