Yay aylarında havanın temperaturunun yüksəlməsi mikroorqanizmlərin artması üçün ideal şəraitdir. Qida zəhərlənməsi riski artır. Qida texnologiyası və mikrobiologiyası baxımından bu dövrdə ən kritik qayda patogen bakteriyaların sürətlə çoxaldığı temperatur aralığından qorumaqdır.

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Asim Vəliyev deyib.
O bildirib ki, düzgün temperatura əməl olunmadıqda bakteriyalar hər 20 dəqiqədə bir sayca ikiqat artmağa başlayır:
“Bişmiş yeməklər, ət, süd və dəniz məhsulları kimi tez xarab olan qidalar otaq temperaturunda 2 saatdan çox qalmamalıdır. Çiy ət və dəniz məhsullarının şirəsi tərkibindəki bakteriyaları birbaşa istehlak olunan qidalara keçirə bilər.
Məhsulun istehsaldan süfrəyə qədər olan soyuq temperatur rejimi qorunmasa, həm də qidanın raf ömrü kəskin azalır.
Yay aylarında istər qida seçərkən, istərsə saxlanma zamanı qaydalara riayət etməliyik. Soyuducumuzun daxili temperaturunun 4 dərəcə, ya daha aşağı, dondurucunun isə -18 dərəcə olduğuna diqqət etməliyik. Yayda soyuducunun qapısı tez-tez açılıb-bağlandığı üçün daxili temperatur yüksələ bilər.
Marketdə olarkən ət, süd və dondurulmuş məhsulları ən sonda almalıyıq. Evə qayıdan kimi ilk olaraq bu məhsulları soyuducuya yerləşdirmək lazımdır. Yaxşı olar ki, marketdən evə məsafə uzaqdırsa, termofor deyilən izolyasiyalı çanta istifadə edək.
Çiy ət, toyuq və balıq məhsullarını germetik qablarda və soyuducunun ən alt rəfində saxlamalıyıq ki, şirələri digər rəflərdəki qidaların üzərinə damlamasın. Hazır bişmiş yeməkləri isə üst rəflərdə saxlamalıyıq.
Dondurulmuş ət, toyuğun buzunu heç vaxt otaq temperaturunda, günəş altında, ya isti suda açmamalıyıq. Ən təhlükəsiz üsul, məhsulu istifadədən 24 saat əvvəl dondurucudan soyuducunun alt rəfinə qoymaqdır. Buzu açılmış hər hansı bir qida məhsulunu təkrar dondurmaq olmaz. Bu, bakteriya yükünü kritik səviyyəyə qaldırır. Toksin ifrazına səbəb olur. Yayda yumurtaları soyuducu qapısındakı rəflərdə yox, temperaturun daha sabit olduğu orta, ya alt rəflərdə, öz qutusunda saxlasaq yaxşı olar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB