Boy artımı bir çox insanın həyatının müxtəlif dövrlərində maraq göstərdiyi və araşdırdığı mövzulardan biridir. Həm uşaqlıqda, həm də yetkinlikdə boyun uzanması ilə bağlı suallar daim aktual qalır. İnsanlar boy uzatma yolları, bu məqsədlə edilən məşqlər, istifadə olunan vasitələr və hətta cərrahi üsullar haqqında daha çox məlumat əldə etməyə çalışırlar. Genetika boy uzunluğunda əsas rol oynasa da, xüsusilə inkişaf dövründə boy artımına təsir edən müxtəlif amillər mövcuddur.
SİA mövzu ilə bağlı araşdırma edib:
“Boy uzanması hansı yaşa qədər davam edir?”
Uşaqlarda, həm də yetkinlərdə boy artımına təsir edən faktorlar, qidalanmanın rolu, su qəbulunun əhəmiyyəti və erkən yaşlarda boy artımının əlamətləri barədə ümumi və faydalı məlumatlar təqdim ediləcək.
Boy uzanması əsasən sümük uclarındakı böyümə zonalarının (epifiz xətlərinin) açıq olduğu dövrə qədər davam edir. Bu proses qızlarda adətən 15–17 yaşlarında, oğlanlarda isə 17–20 yaşlarında tamamlanır. Bu yaşlardan sonra böyümə zonaları bağlandığı üçün boyun təbii şəkildə uzanması demək olar ki, mümkün olmur. Lakin düzgün qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik inkişaf dövründə boy artımını maksimum səviyyəyə çatdırmağa kömək edə bilər.
Hansı qidalar boy hormonunu təbii yollarla artırır?
Boy hormonunun (böyümə hormonu) təbii şəkildə dəstəklənməsində zülal, vitamin və minerallarla zəngin qidalar mühüm rol oynayır. Xüsusilə yumurta, süd və süd məhsulları, balıq, toyuq əti kimi zülal mənbələri, həmçinin qoz-fındıq, paxlalılar və ispanaq kimi məhsullar orqanizmin inkişafını və hormon balansını gücləndirir. Sink, maqnezium və D vitamini ilə zəngin qidalar (məsələn, balıq yağı, günəş işığı ilə sintez olunan D vitamini) böyümə hormonunun ifrazını artırmağa kömək edə bilər. Bununla yanaşı, şəkərli və emal olunmuş qidaların azaldılması da hormonların daha balanslı işləməsinə şərait yaradır.
Mövzu ilə bağlı AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Aynur Həsənova bildirib ki, boy hormonunun çatışmazlığı uşaqlarda rast gəlinən və əsasən hipofiz vəzinin fəaliyyət pozğunluğu ilə əlaqəli olan bir vəziyyətdir. Bu problem bəzən tək halda, bəzən isə hipofizin
digər hormonlarının azlığı ilə birlikdə müşahidə olunur. Əsas əlamət isə bədənin normal proporsiyaları qorunduğu halda boy artımının yaşıdlarla müqayisədə nəzərəçarpacaq dərəcədə ləngiməsidir. Bununla yanaşı, dişlərin inkişafı zəifləyə, yeniyetmələrdə isə cinsi yetişkənlik gecikə bilər. Bəzi hallarda boy və çəki arasında uyğunsuzluq yaranır ki, bu da artıq çəkiyə meyli artırır.
Boy uzunluğu əsasən genetik faktorlarla müəyyənləşsə də, qidalanma bu prosesdə mühüm rol oynayır. Düzgün və balanslı qidalanma boy hormonunun ifrazını tənzimləyir,həmçinin orqanizmdə insulin və piy səviyyəsinin balansda saxlanmasına kömək edir.
Xüsusilə melatonin və triptofanla zəngin qidaların qəbulu bu hormonun təbii şəkildə aktivləşməsinə müsbət təsir göstərə bilər. Bu baxımdan yumurta, balıq, süd məhsulları, çərəzlər, lobya, taxıl məhsulları və bəzi meyvələr (üzüm, nar, moruq və s.) tövsiyə olunur.
Ümumilikdə, sağlam böyümə üçün qidalanma əsas faktorlardan biri hesab olunur. Boy artımı müəyyən yaşdan sonra dayansa da, düzgün
qida seçimi sümüklərin möhkəmliyini qoruyur və ümumi sağlamlığa müsbət təsir edir. Xüsusilə zülal, kalsium, D vitamini, maqnezium və fosfor kimi maddələr sümüklərin inkişafında və qorunmasında mühüm rol oynayır. Eyni zamanda, probiotiklərlə zəngin qidalar bağırsaq sağlamlığını yaxşılaşdıraraq qida maddələrinin daha effektiv mənimsənilməsinə şərait yaradır və bu da inkişaf prosesinə dolayı yolla təsir edir.
Boy artımını dəstəkləyən əsas qidalar arasında
lobya (zülal və dəmir mənbəyi), toyuq əti (B12 vitamini və aminturşularla zəngin), badam (maqnezium və E vitamini ilə zəngin), ispanaq və kələm kimi yarpaqlı tərəvəzlər (minerallarla zəngin), yoğurt (probiotik və kalsium mənbəyi), şirin kartof (A vitamini və lif), kinoa (tam aminturşu tərkibi), yumurta (D vitamini və zülal), giləmeyvələr (antioksidant və C vitamini), qızılbalıq (Omega-3 yağ turşuları) və süd (kalsium və zülal) xüsusi yer tutur. Bu qidaların balanslı şəkildə qəbulu uşaqlarda sağlam böyüməni və optimal inkişafı dəstəkləyə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB