Valideynlərin səhvləri uşağın gələcək davranışlarına necə təsir edir? - PSİXOLOQ DANIŞDI
"Valideynlərin ailə qurana qədər ünsiyyətli olmaları, bir-birilərini yetərincə tanımaları və gələcək ailə həyatına psixoloji baxımdan hazır olmaları olduqca vacibdir".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, ailələrin həyatlarında yol verdikləri hər hansı səhvlər təkcə şəxsi münasibətlərinə deyil, gələcəkdə quracaqları ailəyə və dünyaya gətirəcəkləri övladların həyatına da birbaşa təsir göstərə bilər: "Əlbəttə ki, səhvlər deyərkən yalnız bir hal deyil, müxtəlif sosial, psixoloji və davranış xarakterli problemlər nəzərdə tutulur.
Bəzən erkən nikahdan sonra ailədə yaranan boşluqlar, tərəflər arasında anlaşılmazlıqlar, ailədaxili münaqişələr və məsuliyyətsiz davranışlar uşaqların həyatına ciddi mənfi təsir edə bilir. Bu cür ailələrdə böyüyən uşaqlar tez-tez diqqət çatışmazlığı, emosional gərginlik və güvən problemi yaşayırlar. Digər tərəfdən, ailə daha yetkin yaşda qurulsa belə, kişinin və ya qadının ailə məsuliyyətini tam dərk etməməsi də eyni problemlərə səbəb ola bilir. Valideynlərin öz şəxsi həyatlarına və məşğuliyyətlərinə üstünlük verməsi, uşaqlara kifayət qədər zaman ayırmaması, iş həyatında və şəxsi münasibətlərdə yol verilən səhvlər uşaqların psixologiyasına, davranışlarına və gələcək xarakterinin formalaşmasına mənfi təsir göstərir.
Zərərli vərdişlərə sahib olan valideynlərin davranış modeli də uşaqlar üzərində xüsusi təsir gücünə malikdir. Belə mühitdə böyüyən uşaqlarda bu cür vərdişlərin formalaşması ehtimalı artır. Onlar ya tamamilə həyatdan küsərək özlərinə qapanır, daxili gərginlik yaşayır və depressiv vəziyyətə düşürlər, ya da davranış problemləri nümayiş etdirərək zamanla özləri də bu cür vərdişlərə meyil göstərirlər. Şübhəsiz ki, valideynlərin yol verdiyi səhvlər gələcəkdə uşaqların həyatında silinməsi çətin olan izlər buraxır. Əgər bütün bu proseslər uşaqların gözü qarşısında baş verirsə, bu təsir daha da güclənir və onların dünyagörüşünə, insanlara münasibətinə və həyata baxışına birbaşa şəkildə sirayət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB