Yanacaqları qarışdırıb tökməyin avtomobilə hansı təsirləri var? - EKSPERT AÇIQLADI
Avtomobil sürücüləri arasında “Aİ-92” və “Aİ-95” benzininin qarışdırılması mövzusu tez-tez müzakirə olunur. Hər iki yanacaq bir-birinə qatıla bilər, amma bunun avtomobilə təsiri necə olur? Bəzi sürücülər bunu vaxtaşırı edirlər, bəziləri isə heç vaxt cəhd etmir. Bəs, həqiqətən, bu qarışıqlıq mühərrik üçün təhlükəsizdirmi? 92 ilə 95-i qarışdıranda mühərrikdə hansı texniki problemlər yarana bilər?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, bu gün yanacağın növlərinə və tiplərinə nəzər saldıqda görürük ki, onların əksəriyyəti beynəlxalq standartlar çərçivəsində istehsal olunur və dövriyyəyə buraxılır:
“Bu standartlar hər bir yanacaq növünün fiziki və kimyəvi xüsusiyyətlərini, oktan və ya setan ədədini, yanma temperaturunu və mühərrikə təsir mexanizmlərini müəyyən edir. Mühərriklər də məhz bu göstəricilər nəzərə alınmaqla layihələndirilir. Yanacaqdan düzgün istifadə olunmadıqda isə mühərrikin iş rejimi pozulur, yanma prosesi tam baş vermir, nəticədə həm yanacaq sərfiyyatı artır, həm də mühərrikin resursu azalır.
Bəzi sürücülər yanacağın faydalı iş əmsalını artırmaq məqsədilə fərqli yanacaq növlərini qarışdırmağa cəhd edirlər. Onlar bunu yanma mexanizminin dəyişəcəyini və mühərrikin daha səmərəli işləyəcəyini düşünərək edirlər. Lakin bu cür müdaxilələr çox vaxt əks nəticə verir. Çünki müxtəlif oktanlı və tərkibli yanacaqların qarışdırılması detonasiya, qeyri-bərabər yanma və mühərrik hissələrinin həddindən artıq yüklənməsi kimi problemlərə səbəb olur. Uzunmüddətli perspektivdə isə bu, klapanların, porşenlərin və yanacaq sisteminin zədələnməsinə gətirib çıxara bilər.
Onu da qeyd etmək lazımdır ki, dünyada vahid standartlı bir avtomobil ixracatı mövcud deyil. Hər bir avtomobil istehsalçı ölkənin və ya bazarın yerli yanacaq keyfiyyətinə, iqlim şəraitinə və texniki tələblərinə uyğun şəkildə hazırlanır. Məsələn, Almaniyada istehsal olunan bir avtomobil əsasən Aİ standartlarına uyğun olan AI-95 markalı benzinlə işləmək üçün dizayn edilir. Lakin həmin avtomobil Azərbaycanda istifadə edilərkən sürücü tövsiyə olunan yanacaq əvəzinə fərqli benzinləri qarışdırıb istifadə edərsə, mühərrik bu şəraitə uyğun olmadığı üçün zərər görə bilər. Buna görə də avtomobil istehsalçısının tövsiyələrinə əməl etmək və yalnız uyğun yanacaqdan istifadə etmək mühərrikin uzunömürlü və problemsiz işləməsi üçün əsas şərtlərdən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB