Naxçıvanda şəhid övladları ilə görüş keçirilib

Oktyabrın 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid övladları ilə görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, səlahiyyətli nümayəndə görüşdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini bildirib. Qeyd edib ki, bu gün işğaldan azad edilən torpaqlarımızın hər birində geniş quruculuq işləri aparılır. Bütün bunlar Vətən müharibəsində mətanətlə döyüşmüş şəhid və qazilərimizin hünəri, qəhrəmanlıqları sayəsində əldə olunub. Şəhidlərin əmanətlərini göz bəbəyi kimi qorumaq xalqımızın mənəvi borcudur. Dövlətimiz bundan sonra da şəhid ailələrinə diqqət və qayğısını əsirgəməyəcək.

Şəhid övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edən Fuad Nəcəfli uşaqlara yaxşı təhsil almağı, atalarının öz qanları ilə əmanət qoyub getdikləri doğma Vətənin gələcəyi naminə layiqli vətəndaş kimi böyüməyi tövsiyə edib.

Görüşdə şəhid övladları yeni tədris ili ilə bağlı təəssüratlarını bölüşüb, Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Uşaqların sualları cavablandırılıb, onlara hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə