"Hər kəsin gözəlliyi özünə xas, özünəməxsus olmalıdır" - RƏYLƏR

“Gözəllik tarixən insanların əhəmiyyət verdiyi və hər coğrafiyada fərqli tabuları olan anlayış olub. Bir millətin ecazkar hesab etdiyi gözəllik kriteriyası başqa bir millətə absurd gəlib. Hər xalqın, ölkənin, millətin fərdi, spesifik gözəlliyi olub. Amma indi nəinki millətlər, bir ölkədə yaşayan eyni millətin nümayəndələri belə bir-birinə bənzəmir. İnsanlar, xüsusilə qadınlar sanki özünə nifrət edir, görünüşlərindən daim narazıdırlar, məmnuniyyət hissi yoxdur, hamı özünü dəyişmək sevdasına düşür”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O bildirib ki, gözəllik spesifik olmalıdır, hər kəsin gözəlliyi özünə xas, özünəməxsus olmalıdır: “Siz indi öz spesifik gözəlliyi olan qız, qadın görə bilirsiniz? Çox nadir. İnsanlar öz bədənini olduğu kimi sevmədiyi üçün əbədi istehlakçı bazası formalaşır və estetik-plastik cərrahiyədə milyonlarla pul dövr edir. Bu gedişatın böyük bir çöküşü olacaq, insan insanlıqdan çıxır getdikcə.

Yaradanın yaratdığını bəyənməyib öz üzərində yenidənqurma, təmir-bərpa işləri görən, gördürən insanlar, istədiyiniz qədər trendlərlə ayaqlaşmağa çalışaq, ruhunuz həmişə olduğu kimi qalacaq. Əgər biz öz nəfsimizi qidalandıraraq, inkişaf etdirərək gözəlləşdirsək, bu, zahiri görkəmimizdə, davranışımızda da özünü göstərər. Ətrafımız bizi zahiri görkəmimizə görə deyil, daxili gözəlliyimizə görə sevməli və qəbul etməlidir. İnsanın ruhunun gözəlliyi simasında da əks olunur. Özünü olduğun kimi qəbul etsən, insanlar səni olduğun kimi qəbul edəcəklər. Vacib olan insanların səni necə gördüyü deyil, özünü necə gördüyündür. Öz görüntüsünü sevməyən insanlar üçün özünüdəyişmə əməliyyatlarının sonu yoxdur”.

Məsələ ilə bağlı psixoloq Fidan Nizamova öz fikirlərini bölüşüb: “İnsanların estetik əməliyyatlara, ümumiyyətlə xarici görünüşləri ilə bağlı dəyişikliklərə can atması daha çox özünü bəyənməmək və cəmiyyətin yansıtdığı gözəllik standartlarından irəli gəlir. Bir çox insanlar da bu standartlara uyğunlaşmağa çalışır, əks halda özlərini yetərli qədər gözəl hesab etmirlər.

Burada cəmiyyətindən təsirindən çox insanın öz psixologiyası mühüm rola sahibdir. Belə ki, özünə güvəni az, bir çox mövzularda uğursuzluqları olan şəxslər cəlbedici və gözəl göründükləri təqdirdə eyni problemləri yaşamayacaqlarını düşünürlər. Təbii ki, həqiqətən də estetik əməliyyata ehtiyac duyan insanlar da var. Hansı ki, yıxılaraq müəyyən bir zədə alıblar və bu da xarici görünüşlərində öz mənfi təsirini göstərib. Amma gözəllik standartları arxasınca qaçmaq kütlənin ümumi kompleks formalaşdırmasından başlayır. Çünki sözügedən standartlara uymayan hər kəs özünü doğru biri kimi görmür. Təəssüf hiss ilə qeyd etmək lazımdır ki, cəmiyyətimizdəki bəylər də daha çox estetik görünüşlü xanımları bəyənirlər. Bu da təbii ki, digər xanımları da əməliyyatlara sövq edir. Anlamaq vacibdir ki, bütün bədəni estetik əməliyyat olan xanımların mənəvi olaraq təqdim edəcəkləri nəsə olmur. Unutmamalıyıq ki, bütün dəblər keçicidir və estetik görünüşlü olmaq da bir müddətdən sonra öz aktuallığını itirəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə