"Bədəni yazılarla doldurmaq yox, biliklərlə zənginləşmək vacibdir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Nəsillər arasında hər zaman özünü təsdiq etmək üçün müəyyən yeniliklər və innovasiyalar olub. Bəzən bu, elmi və ədəbi axtarışlarda, bəzən texniki yeniliklərdə, bəzən də döyüşlərdə, məğlubiyyətlərdə və ya yeni torpaq əldə edilməsində özünü göstərib". Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, çox vaxt insanlar cəmiyyətin içində fərqlənmək üçün qeyri-adi hərəkətlərə əl atıblar: "Pəhləvanlıq, sehirbazlıq, Quran hafizliyi, gözəl xəttatlıq, güləş və digər idman növlərində qalib gəlmək də buna nümunədir. Tarix boyu bu tendensiya mövcud olub. Son zamanlarda isə bu prosesin formatı dəyişib. Artıq əvvəlki kimi bir çox sinif və sosial qruplar yoxdur. İnsanlar həm öz həmyaşıdlarından, həm də digər nəsillərdən fərqlənmək üçün yeni vasitələr axtarırlar. Bu, yalnız elmi və texnoloji yeniliklərlə məhdudlaşmır, eyni zamanda bədənə döymə etdirmək, pirsinq vurmaq, müxtəlif bəzək əşyaları taxmaq kimi üsullarla da müşahidə olunur. Kişilərin sırğanı baş barmağa taxması, qadınların və kişilərin uniseks bəzəklərə üstünlük verməsi bunun nümunəsidir.
Təəssüf ki, özünüifadə formaları təkcə döymə və zinətlərlə bitmir. Bəziləri siqaret çəkməklə, narkotik vasitələrdən istifadə etməklə, kafe və restoranlarda vaxt keçirməklə və ya yalnız dəb naminə müəyyən idman növləri ilə məşğul olmaqla fərqlənməyə çalışırlar. Belə hallarda cəmiyyətin təzyiqi və ya qadağalar çox vaxt daha ekstremal özünüifadə formalarının ortaya çıxmasına səbəb olur.
Z nəsli, X nəsli, internet nəsli və indi süni intellekt nəsli özlərini həm texnologiya, həm də həyat tərzi baxımından əvvəlkilərdən fərqləndirməyə çalışırlar. Bu zaman döymələr, bədən yazıları və müxtəlif xalqlardan gələn bədən bəzəkləri geniş yayılıb. Paralel olaraq gənclər virtual aləmdə də fərqlənməyə can atırlar. İndi Facebook və Instagramdan daha çox tanışlıq saytları və TikTok kimi qısa video platformaları üstünlük təşkil edir.
Avropada isə vəziyyət dəyişməyə başlayıb. Çünki döymələrin və digər bədən dəyişikliklərinin sağlamlığa mənfi təsir göstərdiyi elmi araşdırmalarla təsdiq olunub. Bu səbəbdən sadəlik, minimalist həyat tərzi və elmdə, təhsildə, innovasiyada fərqlənmək dəbə çevrilib. Mark Zuckerberg və Elon Musk kimi nümunələr bunu aydın şəkildə göstərir. Fikrimcə, bizim gənclər də məhz bu istiqamətdə yol seçməlidirlər. Daha çox elm, texnologiya və təhsil vasitəsilə fərqlənməyə çalışmalıdırlar. Bədəni yazılarla doldurmaq, yalnız zahiri görünüşlə seçilmək deyil, cəmiyyətə və gələcəyə fayda verəcək işlər görmək gənclərin əsas məqsədi olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə