“Azərbaycan qadınının sosial həyatda fəallığı müsbət tendensiya üzrə inkişaf edir. Lakin bəzi hallarda stereotiplər bu fəallığı məhdudlaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, qadınların xüsusən rəqəmsal mühitdə aktivliyi nəzərə çarpır: “Sosial şəbəkələrdə qadınların öz fikirlərini sərbəst ifadə etməsi və ictimai proseslərə qoşulması artmaqdadır. Amma bölgələrdə hələ də patriarxal yanaşmalar qadınların imkanlarını daraldır.
Feminizm anlayışı düzgün təqdim olunmadıqda, cəmiyyətdə yanlış anlaşılır. Əslində, Azərbaycan Konstitusiyasında qadın-kişi bərabərliyi açıq şəkildə təmin olunur. Feminizmin klassik mahiyyəti də məhz bu bərabərliyin müdafiəsindən ibarətdir. Təəssüf ki, bu anlayış bəzən yanlış istiqamətlərdə qabardılır və ictimaiyyətdə feminizmə qarşı qorxu formalaşdırır.
Tarixən türk cəmiyyətlərində qadın-kişi bərabərliyi olmuşdur. Qadınlara hörmət, onların fikirlərinə dəyər verilməsi bu ənənənin tərkib hissəsidir. Feminizm qərb dəyəri kimi təqdim olunsa da, əslində bu prinsip bizim milli-mənəvi dəyərlərimizə də uyğundur. Sadəcə, bu anlayışın düzgün təqdim olunmasına ehtiyac var”.
Mehriban Zeynalova əlavə edib ki, son illərdə qadınlara qarşı rəqəmsal mühitdə neqativ münasibət halları müşahidə olunur: “Təhqiredici və mənfi paylaşımlara qarşı qadınların hüquqi prosedurlardan istifadə etməsi vacibdir. Əgər bərabərlik prinsiplərini qorumaq istəyiriksə, bu cür hallara biganə qalmamalıyıq”.
Ekspertin sözlərinə görə, feminizm və qadın hüquqları azadlıqla yanaşı məsuliyyət anlayışını da əhatə edir: “Qadınlar öz hüquq və vəzifələrini dərk etdikcə, cəmiyyətin inkişafında daha təsirli və güclü rol oynaya biləcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə