Plastik qablar praktik, yoxsa risk? - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu mövzu həm gündəlik həyat, həm də qida təhlükəsizliyi baxımından çox vacibdir, çünki plastik qabların növləri, istifadəsi və təhlükəsizlik dərəcələri arasında böyük fərqlər var”, – deyə qida eksperti Fərid Səfərov SİA-ya açıqlamasında bildirib.

O əlavə edib ki, plastik qab istifadəsi praktikdir, yüngüldür, qırılmır, daşınması rahatdır və ucuz, çoxfunksiyalıdır. Lakin riskli tərəfləri daha çoxdur: “İstilik və günəş işığı təsirində kimyəvi maddələr (BPA, ftalatlar, stiren və s.) qidaya keçə bilər. Yağlı, turşulu və isti yeməklərlə reaksiyaya girib toksin buraxa bilər. Çatlayan, cızılan plastiklərdə bakteriya və kif inkişaf edə bilər”.

Fərid Səfərov plastik qabların altında gördüyümüz üçbucaq işarəsinin “Plastik identifikasiya kodu” olduğunu bildirərək, bunun təhlükəsizlik dərəcəsini anlamaqda əsas göstərici olduğunu vurğulayıb: “Üzərində 2 (HDPE), 4 (LDPE), 5 (PP) rəqəmləri yazılanlar nisbətən təhlükəsiz hesab olunur, birdəfəlik istifadə üçün su qabları, su və süd bidonları, mikrodalğalı soba üçün istifadə olunanlar aiddir. Ən təhlükəlilər isə 3 (PVC), 6 (PS), 7 (PC) rəqəmləri yazılanlardır. Onları mümkün olduqca istifadə etməyin”.

Mikrodalğalı soba üçün ən uyğun materialın 5 (PP – Polipropilen) olduğunu deyən ekspert, qabın üzərində “Microwave safe” və ya dalğalı xətt simvolu varsa, istifadə edə biləcəyimizi bildirib.Ayırd etmə üsullarına da toxunan Fərid Səfərov qeyd edib: “Aşağı hissəyə baxın — üçbucağın içindəki rəqəm materialı göstərir. Qoxu testi — yeni qabı qoxulayın, kəskin plastik iyi varsa, yeməklə təmasda risklidir. Etiket oxuyun — ‘BPA free’, ‘Food grade’ yazısı varsa, daha təhlükəsizdir. Şəffaflıq və elastiklik — çox bərk, kövrək plastiklər adətən daha risklidir”.

Ekspert əlavə edib: “İsti yemək və içkilər üçün şüşə, keramika və paslanmaz polad qablar daha təhlükəsizdir. Plastiki yalnız soyuq və qısa müddətli saxlamada istifadə edin”.

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə