İnsanların istirahəti necə təşkil olunur? - SORĞU

Artıq yay fəslinin ən qızmar günləri yaşanır. Havaların istiləşməsi ilə bir çox insan sərinlik axtarışında olur, bəziləri isə istirahət və asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif planlar qururlar. İstər şəhər həyatının səs-küyündən uzaqlaşmaq, istərsə də təbiət qoynunda dincəlmək məqsədilə istirahət məkanlarına üz tutanların sayı az deyil. Bəs görəsən, sakinlər yay aylarında öz asudə vaxtlarını necə keçirirlər? Ən çox hara gedirlər və ya getməyi planlaşdırırlar? SİA bu məsələ ilə bağlı şəhər sakinləri arasında sorğu edib.

Şəhər sakini Tamerlan Əhmədov: "Əsasən asudə vaxtım olmur. Vaxtımın demək olar ki, çox hissəsini işə sərf edirəm. Buna görə də istirahət etməyə imkan tapmıram. Əgər işim olmasa və bir qədər boş vaxtım olsa, bəlkə də harasa istirahətə getmək istəyə bilərəm. Ancaq hazırda buna şərait yaranmır".

Şəhər sakini Lamiyə Məmmədova: "Asudə vaxtlarımı adətən bağ evində keçirməyi sevirəm. Təbii mühitdə olmaq mənə rahatlıq və enerji verir. İstirahətə getmək planlarım isə əsasən maraqlı coğrafi dəyişikliklər üzərində qurulub – yayda qış olan ölkələrə, qışda isə yay olan ölkələrə getmək istəyirəm. Dəyişiklik və müxtəliflik mənim üçün vacibdir, çünki fərqli mühitlərdə olmaqdan zövq alıram".

Şəhər sakini Tural Kazımov: "Demək olar ki, istirahət vaxtımız yoxdur. Səhər saat 12-də şəhərə gəlirik, axşam 12-yə qədər işləyirik. Bu qədər gərgin və uzun iş saatları içində istirahət etməyə, harasa getməyə nə güc qalır, nə də vaxt. İndiki dövrdə istirahətə getməyi planlaşdırmaq belə bizim üçün çətindir. Gələcəkdə daha rahat bir iş rejimi olsa, yəqin ki, istirahət üçün fürsət yaradar və bu haqda düşünə bilərik".

Şəhər sakini Mürsəl Hüseynov: "Demək olar ki, asudə vaxtımı idman edərək və kitab oxuyaraq keçirirəm. Bəzən elə olur ki, rayonlara istirahətə də gedirəm. Əsasən Qarabağa üstünlük verirəm – illərlə həsrətində olduğum bu torpaqlara getmək mənim üçün həm emosional, həm də ruhən bir rahatlıq mənbəyidir. Yəqin ki, fürsət düşdükcə yenə gedəcəyəm. Eyni zamanda işlə bağlı bir neçə bölgəyə səfər etmişəm və bu səfərlər zamanı da qismən istirahət edə bilmişəm".

Şəhər sakini Əli Muxtarov: "Asudə vaxtımı əsasən kitab oxumaq və futbolla məşğul olmaqla keçirirəm. Bu yay bağ evinə istirahətə getmişəm. Hazırda konkret planlaşdırdığım yeni bir yer yoxdur. Amma bir neçə həftə sonra, çox güman ki, qərar verəcəyəm. Böyük ehtimalla ölkəmizin gözəl və füsunkar bölgələrindən birinə istirahətə üz tutacağam".

Tələbə Səma Əmrəlizadə: "Yay vaxtında demək olar ki, davamlı olaraq işləyirəm, boş vaxtım qalmır. Tələbə olduğuma görə çalışıram ki, öz ehtiyaclarımı özüm qarşılayım və maddi cəhətdən asılı olmayım. Bu yay ümumiyyətlə heç bir yerə istirahət üçün getməyi düşünmürəm. Vaxtım olmadığına görə diqqətimi yalnız işləməyə yönəltmişəm və əsas məqsədim gəlir əldə etməkdir".

Tələbə Şəbnəm Eminli: "Hazırda həm işləyirəm, həm də tələbəyəm. Boş vaxtlarımda daha çox rəfiqələrimlə gəzməyə gedirəm. Amma o qədər də boş vaxtım olmur, ona görə də istirahətə getmək mənim üçün real deyil. Əgər getmək imkanım olsa, xarici ölkələrə səyahət etmək istərdim. Lakin hazırda bu mümkün olmadığından bütün vaxtımı işə sərf edirəm".

Şəhər sakini Elvin Kazımov: "Asudə vaxtım sonuncu dəfə təxminən üç il əvvəl olub – o zaman Şabran rayonunun Zeyvə kəndinə getmişdim. Ümumiyyətlə, yay aylarında rayonlarımızda istirahət etməyə üstünlük verirəm. İmkan olsa, indi də istirahətə getmək istərdim. Amma iş rejimim və məsuliyyətlərim səbəbindən son illər ərzində heç bir istirahətə vaxt ayıra bilmirəm".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə