Sosial şəbəkələr ailə münasibətlərinə necə təsir edir? - MÜNASİBƏT BİLDİRİLDİ

"İnsan şüurlu, sosial varlıq olaraq tarix boyunca yaşadığı cəmiyyətin ayrılmaz bir parçası olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında "YENİ HƏYAT" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri deyib.

O bildirib ki, ta qədimlərdən insanlar təkbaşına deyil, toplum şəklində yaşamağı seçmiş, bu birlik və birgəyaşayış forması onların həyat tərzində dərin iz buraxmışdır: "Ən çox da qan qohumluğu olan insanlar bir-birilə sıx münasibət qurmuş, düşüncələrini, fikirlərini, sevinc və kədərlərini paylaşaraq bir cəmiyyətin əsas dayaqlarını formalaşdırmışlar. Bu paylaşım, zamanla formalaşaraq adət-ənənəyə çevrilmiş, nəsildən-nəslə ötürülərək bu günümüzə qədər gəlib çatmışdır.

Lakin son dövrlərdə həyatımıza daxil olan sürətli texnoloji inkişaf və bu inkişafın gətirdiyi cihazlar – ağıllı telefonlar, planşetlər, sosial media platformaları – insanların gündəlik həyatına, davranışlarına və sosial münasibətlərinə birbaşa təsir göstərməyə başlayıb. Əvvəllər birlikdə süfrə arxasında saatlarla söhbət edən, problemlərini bölüşən ailə üzvləri, bu gün eyni otaqda olsa belə bir-birindən uzaqlaşmış vəziyyətdədirlər. Hər kəsin əlində bir cihaz, baxışlar ekrana yönəlmiş, sözsüzlük və səssizlik isə gündəlik normaya çevrilmişdir.

Qohumluq münasibətlərində əvvəllər hiss edilən yaxınlıq, istilik və qarşılıqlı maraq yerini getdikcə bir növ soyuqluğa, laqeydliyə verir. Xüsusilə də sosial şəbəkələrin bu sahədəki təsiri artıq gözardı edilə bilməyəcək qədər açıqdır. Bəli, sosial şəbəkələr bizə məlumatlara daha tez çıxış imkanı verir, bəzən uzaqda olanlarla rabitə qurmağımıza yardımçı olur, amma bu vasitələrin ailədaxili münasibətlərə və real həyatda sosial ünsiyyətə vurduğu zərbə daha dərindir. Artıq insanlar həyatlarını ekran arxasında yaşamağa başlayıb, virtual aləmdə qazandıqları “bəyənmələr” real münasibətlərdən daha üstün tutulur. Nəticədə isə ailələrdə emosional uzaqlaşma, anlaşılmazlıqlar və ünsiyyət çatışmazlığı baş qaldırır. Uşaqlar valideynlərinin diqqətindən, valideynlər isə övladlarının daxili dünyasından xəbərsiz böyüyür. Qohumlar bir-birinin həyatından uzaq düşür, münasibətlər formallıqdan o yana keçmir.

Bu səbəbdən də bu gün insanın sosial varlıq olaraq öz köklərinə – ailə bağlarına, qohumluq münasibətlərinə, birlik və paylaşım mədəniyyətinə yenidən qayıtması böyük əhəmiyyət daşıyır. Texnologiyadan düzgün istifadə etməyi öyrənmək, onu həyatımıza daxil etmək yox, həyatımızın əsası etməmək önəmlidir. Ancaq bu yolla həm fərdi, həm də ictimai münasibətlərimizi daha sağlam şəkildə qoruya bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə