Türk Dövlətləri Təşkilatında ailəni dəstəkləyən siyasətlər müzakirə olunub - YENİLƏNİB/ FOTOLAR
Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbir ailə mövzusuna həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətindən rəsmi şəxslər və ziyalılar iştirak ediblər. İlk çıxışı edən Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş 2025-ci ilin Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə “Ailə ili” elan edildiyini bildirib. O qeyd edib ki, müasir dövrdə ailə institutunun zəifləməsi yalnız maddi deyil, həm də qlobal dəyərlər sistemindəki dəyişikliklərlə əlaqəlidir: “Fərdiyyətçiliyin təşviqi, istehlak mədəniyyətinin geniş yayılması, uzunmüddətli sosial öhdəliklərə marağın azalması bu prosesi sürətləndirir. Sosial mediada yayılan ideoloji diskurslar da bu tendensiyanı gücləndirərək gənclərin və ümumi mədəniyyətin inkişafını təhlükə altına salır”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə TDT-nin ailə siyasətində əməkdaşlıq üçün geniş potensiala malik olduğunu vurğulayıb. O bildirib ki, ailələrlə bağlı ortaq tədqiqat layihələrinin həyata keçirilməsi və koordinasiya mərkəzinin yaradılması vacibdir: “İnkişaf həyatımızı sürətlə dəyişir. Bu baxımdan Gənc Ailə Forumu mühüm əhəmiyyət kəsb edir. Postmünaqişə dövründə olan Azərbaycan və “yaşıl keçid” mərhələsindəki ərazilərimiz bu sahədə yeni insan kapitalının formalaşdırılması baxımından Türk dünyasına örnək ola bilər”.
Tədbirdə iştirak edən Şimali Kipr Türk Cümhuriyyətinin Əmək və Sosial Müdafiə Naziri Sadık Qardiyanoğlu isə ailənin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Onun sözlərinə görə, rəqəmsallaşmanın mənfi təsirlərinə qarşı mübarizə məqsədilə xüsusi strategiyalar hazırlanır: “Ailə münasibətlərini texnologiyanın təsirindən qorumaq və uşaq sahibi olmağı təşviq etmək üçün həm maddi, həm də psixososial dəstək mexanizmləri tətbiq olunur. Qadınların iş həyatında irəliləməsi və ailə həyatında balans yaratması üçün xüsusi proqramlar həyata keçirilir”.
Tədbirdə ailənin cəmiyyətin əsas dayağı olduğu vurğulanaraq, TDT çərçivəsində ortaq ailə siyasətlərinin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə