Qurban ətindən kabab çəkmək olar? - MÜNASİBƏT BİLDİRİLDİ

“Qurban əti ilə kabab çəkmək ümumiyyətlə haram və ya qadağan edilən bir şey deyil. Yəni insan öz halal qurban ətindən kabab da bişirə bilər, digər yeməklər də hazırlaya bilər. Lakin burada diqqət yetirilməli olan əsas məsələ qurban ətindən istifadə zamanı yaranacaq ictimai və mənəvi təsirlərdir”. Bu sözləri SİA-ya açıqlamasında İlhaiyyatçı, publisist Hacı Rahim İsmayılov deyib.

Rahim İsmayılov sözlərinə belə davam edib: “Məsələn, əgər bir şəxs mənzildə yaşayırsa və orada qonşular var, xüsusilə maddi imkanı aşağı olan ailələr və ya uşaqlar varsa, kabab bişirdikdə ət iyi onların hissiyyatına təsir edə bilər. Onlar yeməsələr belə, o iyin təsiri ilə onların nəfsində istək yarana bilər. Bu da “tamah” adlandırılan hissin oyanmasına səbəb olur. Uşaq da olsa, böyük də olsa, əgər bir insanda sənə məxsus olan bir şeyə qarşı arzu yaranırsa və sən bu arzunu qarşılamırsansa, bu, mənəvi məsuliyyət yarada bilər.

Belə hallarda insan iki yoldan birini seçməlidir:
1. Ya kababı elə şəkildə bişirməlidir ki, ətrafda bu tamaha səbəb olacaq insanlar olmasın və ya o hissiyat yaranmasın;
2. Ya da əgər artıq həmin istəyin yaranacağı ehtimalı varsa, bişirilən kababdan onlara da pay verilməlidir.

Bu, dini baxımdan “göz haqqı” kimi tanınan bir anlayışla da bağlıdır. Göz haqqı – bir şeyə baxıb arzu edən insanın həmin şeydən nəsibini almaması halında onun könlündə qalan hissədir. İslam etikası bu cür hallarda paylaşmağı, könül almağı təşviq edir.

Əgər kabab məclisi içkisizdirsə, ədəblə və halal şəkildə təşkil olunursa, bu, qurbanın hörmətinə zidd deyil. Amma əsas olan, insanların hisslərini və mənəviyyatını nəzərə almaqdır.

Nəticə etibarilə, qurban ətindən kabab bişirmək olar. Lakin bu zaman sosial mühit, qonşuluq münasibətləri və ətrafdakılarla paylaşmaq kimi amillər göz önünə alınmalıdır. Əgər bu məsələlərə diqqət yetirilərsə, dini və mənəvi baxımdan heç bir problem olmaz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə