Gənc məhbuslarla görüş keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tərəfdaşlığı və “Rezonans” Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə “Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə” adlı yeni layihənin icrasına başlanılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Gənclər Fondu tərəfindən elan edilmiş “Rəqəmsal” mövzulu qrant müsabiqəsi çərçivəsində icra olunan layihə cəzaçəkmə müəssisəsində olan gənc məhkumların müxtəlif istehsalat sahələri üzrə peşə hazırlığının dəstəklənməsini, bu istiqamətdə rəqəmsal platformanın yaradılmasını və onların əməyə cəlb olunması vasitəsilə rifahının gücləndirilməsini nəzərdə tutur.

6 saylı cəzaçəkmə müəssisəsində keçirilən ilk tədbirdə Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, müəssisənin təlim-tərbiyə işləri üzrə rəis müavini, polkovnik-leytenant Nurlan Mirzəyev, Penitensiar xidmətin məsul əməkdaşları və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən O. Qəhrəmanzadə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə müvafiq olaraq insan kapitalının inkişafı və sosial ədalət prinsipinə əsaslanan bu layihə gənc məhkumların reabilitasiyası istiqamətində atılan məqsədyönlü və sistemli tədbirlər çərçivəsində dəstəklənib. Vurğulanıb ki, dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq Gənclər Fondu tərəfindən cəmiyyətin bütün təbəqələrindən olan gənclərin rifahının gücləndirilməsi və potensialının artırılması istiqamətində işlər davam etdirilməkdədir.

Nurlan Mirzəyev və “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Toğrul Abbasbəyli də çıxış edərək layihənin mahiyyəti, xüsusilə risk qrupuna aid gənclərin tərbiyəsindəki rolu və layihənin davamlılığının vacibliyi barədə fikirlərini bölüşüblər. Layihənin eksperti Əhməd Abbasbəyli isə “Məhkum gənclərin reabilitasiyası prosesində əməyə cəlb olunma və peşə hazırlığı: Qanunvericiliyin tələbləri” mövzusunda təqdimatla çıxış edib.

Tədbirin sonunda iştirakçılar müəssisədə mövcud tədris və emalatxana şəraiti ilə tanış olub, məhkum gənclərlə interaktiv fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə