2025-ci ilin mayın 5-də Qaradağ rayonu Lökbatan qəsəbəsi Heydər Əliyev Parkının qarşısındakı meydanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə növbəti dəfə ənənəvi velosiped yarışı keçirilib.
Qaradağ rayonunda yerləşən bütün ümumtəhsil müəssisələrini əhatə edən yarışda 120 nəfərədək yuxarı sinif şagirdindən ibarət 22 komanda iştirak edib.
Yarışın açılışında YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev məktəbli idmançıları yarışın təşkil olunmasının məqsədi və əhəmiyyəti ilə əlaqədar məlumatlandırıb. O bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönü hazırda ölkəmizin hər yerində, o cümlədən Bakının Qaradağ rayonunda geniş qeyd edilir. Bu gün keçirilən velosiped yarışı Ulu Öndər Heydər Əliyevin gənclərə sağlam həyat tərzi ilə bağlı etdiyi tövsiyələrin tərkib hissəsidir. Ulu öndərin ideyalarının təbliği məqsədilə ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyi bir vaxtda Qaradağ rayonunda da gənclər arasında keçirilən bu cür tədbirlər onlarda vətənpərvərlik hisslərini artırır, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmalarına kömək edir. Velosiped yarışı gənclər arasında fiziki aktivliyin yüksəldilməsinə də xidmət edir.
Açılışda Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Respublika Olimpiya Velosiped Məktəbinin direktor müavini Gülnarə Malikova və başqaları da çıxış edərək turnurin keçirilməsi ilə əlaqədar gəncləri təbrik ediblər, iştirakçılara uğurlar arzulayıblar.
Yarışın hakimləri: baş hakim Sabir Həsənov, hakim Feyzulla Şirinov, hakim Əlipaşa Paşazadə turnirin qaydaları barədə iştirakçıları təlimatlandırdıqdan sonra yarışa start verilib.
Lökbatan qəsəbəsində müəyyən olunmuş meydanda marşrut üzrə həyata keçirilən yarışın yekununda qalib komandalara diplomlar, medallar və qiymətli hədiyyələr təqdim olunub. Yarışda iştirak edən 22 məktəb arasında 166 nömrəli tam məktəbin komandası Abbaszadə Sahib, Qasımzadə Toğrul və Ağayeva Fatimə birinci yeri, 294 nömrəli məktəbin komandası Həmidova Naidə, Oruczadə Yusif və Əməliyev Zakir ikinci yeri, 184 nömrəli məktəbin komdandası Novruzov Tofiq, Quliyev Ataxan və İsgəndərli Zəhra üçüncü yeri tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə