Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. SİA olaraq mövcud hava şəraiti ilə əlaqədar Azərişıq, Azəriqaz və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti: "ADSEA hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərir.
İntensiv yağıntılar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusilə, rayonlar üzrə sukanal idarələrinin işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işlər icra edirlər.
Yağışların intensivliyi nəticəsində bəzi ərazilərdə subasma hallarının baş verməməsi üçün həmin ərazilər əvvəlcədən nəzarətə götürülüb, texnika, mal-material və işçi heyəti ilə təmin olunub.
Qeyd edək ki, hava şəraitindən asılı olmayaraq şəbəkələr vəsitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işlərini müntəzəm həyata keçirilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, mövcud olan digər mexaniki avadanlıqlar tənzimlənir. İntensiv yağışlar zamanı isə bu işlər daha da gücləndirilmiş şəkildə icra edilir.
Hazırda hava şəraiti ilə əlaqədar sukanal idarələrin məsul əməkdaşları yağış sularının idarə olunmasını nəzarətdə saxlayırlar, baş verəcək fəsadların qarşısının öncədən alınması məqsədilə işlər həyata keçirirlər".
“Azərişıq” ASC: "“Azərişıq” ASC ölkə ərazisində güclü külək və yağışın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır.
Ölkə ərazisində 15 aprel tarixindən başlayan kəskin hava şəraiti demək olar ki, bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza hallarının yaranmasına səbəb olub. Leysan xarakterli intensiv yağış və güclü külək nəticəsində aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub.
Elektrik enerjisi kəsintisi və qəza hallarının qarşısının alınması üçün “Azərişıq” ASC paytaxt və bölgələrdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Səhmdar Cəmiyyət bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib. Həmçinin “Azərişıq” ASC-nin qəza xidmətinin əməkdaşları da ərazilərdə fəsadların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər.
Bəzi hallarda isə yağışla müşaiyət olunan külək və sel suları elektrik təsərrüfatına daha böyük həcmdə ziyan vurmasın deyə qabaqlayıcı tədbir kimi xətlərə enerjinin ötürülməsində planlı fasilə verilir. İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı bir çətinlik zamanı “Azərişıq” ASC-nin “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrimizə müraciət etsinlər. 24 saat fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir".
"Azəriqaz" İstehsalat Birliyi: "Hava şəraiti ilə əlaqədar qazla bağlı heç bir problem yaşanmır. "Azəriqaz" İstehsalat Birliyi hava şəraiti kəskin soyuyan zaman gücləndirilmiş iş rejiminə keçir".
Bütün xəbərlər Facebook səhifəmizdə