Parisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər

Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdləri Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini özündə birləşdirən qədim bayramımız Novruzu qeyd ediblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə çıxış edən “Natəvan” məktəbinin müəllimləri şagirdlərini, onların valideynlərini Novruz bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq, firavan həyat arzulayıb. Qeyd edilib ki, xalqımızın əsrlər boyu qoruyub saxladığı və nəsildən-nəslə ötürdüyü Novruz bayramının yüksək səviyyədə təşkili dünyanın hansı ölkəsində olmasına baxmayaraq, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsinin vacibliyini əks etdirir.

Sonra “Natəvan” məktəbinin milli geyimlərdə olan şagirdləri Novruz bayramı münasibətilə hazırladıqları ədəbi-musiqili proqramı nümayiş etdiriblər. Novruza, baharın şəninə şeirlər, mahnılar, rəqslər ifa edilib, səhnəciklər göstərilib. Bahar qızının rəqsi və mahnısı tədbirə daha da gözəllik gətirib. Novruzun personajları sayılan Kosa və Keçəl isə öz iştirakları ilə uşaqların sevincini daha da artırıb. Onların məzəli söhbətləri, uşaqlarla oyunları bayramı daha da maraqlı edib.

Bütün xəbərlər Facebook səhifəmizdə