"Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
O bildirib ki, Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər: "“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin qanunda işləyən və iş yeri olan vətəndaşın hərbi xidmətdən azad olunması və ya möhlət verilməsi ilə əlaqədar heç bir müddəa yoxdur.
Tam əksinə Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
Əmək müqaviləsinə müvafiq əsasla xitam verilməməsi işçinin müavinət əldə etmək hüququnu pozmaqla yanaşı, həm də onun hərbi xidmətdən qayıtdıqdan sonra işinə bərpa olunmaq hüququnun da pozulmasına səbəb olur. Bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti tərəfindən gəlmiş çağırış vərəqəsinin surəti əlavə edilməklə işçi ərizə ilə müraciət etməli və işəgötürən tərəfindən verilmiş əmr nəticəsində əmək müqaviləsinə xitam verilməlidir. Azərbaycan vətəndaşlarına yalnız sağlamlıq və ailə vəziyyətinə görə, təhsilə görə möhlət verilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə