SOCAR neft sənayesi arxivinin 100 illiyi münasibətilə tədbir keçirib - FOTOLAR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə neft sənayesi arxivinin 100 illiyi münasibətilə tədbir təşkil olunub. SİA bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, tədbirdə dövlət strukturlarının arxiv idarələrinin, SOCAR-ın rəhbər şəxsləri və qrupa aid müəssisələrin icraya nəzarət və kargüzarlıq şöbəsinin nümayəndələri, arxiv işinə məsul şəxslər iştirak edib.

İlk öncə tədbir iştirakçıları “Heydər Əliyev və neft strategiyası” sərgisi və retro arxiv sənədlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə Ümummilli Liderin təşəbbüsü ilə hazırlanan və imzalanan “Əsrin müqaviləsi” sənədinin, “Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında”, “Abşeron" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişlərin əsilləri və digər tarixi sənədlər nümayiş etdirilib.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə SOCAR Aparatının rəhbəri Hafiz Zeynalovun, Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənovun, Prezidentin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərovanın, SOCAR Mərkəzi Arxivinin müdiri Ağəli Hüseynovun çıxışları dinlənilib.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi enerji siyasətinin ölkəmizin hərtərəfli inkişafındakı rolundan danışılıb. Ümummilli Lider tərəfindən dövlətçiliyimizin möhkəmləşdirilməsində arxivlərin rolunun daim yüksək qiymətləndirildiyi, Ulu Öndərin "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” 2 dekabr 2002-ci il tarixli Fərmanının arxivlərin maddi-texniki təminatının əsaslı olaraq yenilənməsini təmin etdiyi vurğulanıb, həmçinin bu sahədə qanunvericilik bazasının formalaşdırıldığı bildirilib.

Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət nəticəsində ölkəmizdə ən müasir texnologiyalara əsaslanan arxiv işinin təşkili istiqamətində görülən işlərdən, əldə olunan uğurlardan bəhs edilib. Hazırda arxiv işinin təşkili üzrə dövlətin dəstəyi ilə həyata keçirilən tədbirlərin önəmi qeyd olunub.

Eyni zamanda, SOCAR-da arxiv işi üzrə rəqəmsallaşdırma, sənədlərin mühafizəsi və təhlükəsizliyi istiqamətlərində atılan addımlar barədə məlumat verilib. SOCAR-ın Baş ofis ilə yanaşı, müəssisələrdə də bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və hərtərəfli inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Tədbir çərçivəsində “Neft tarixinin sənədləri” və SOCAR-ın Mərkəzi arxivində müasir texnoloji avadanlıqlarla sənədlərin rəqəmsallaşdırılmasını, həmçinin sənədlərin təhlükəsiz şəraitdə mühafizəsinin təşkilini özündə əks etdirən “Gələcək nəsillər üçün qorunan tarix” adlı videoçarxlar nümayiş etdirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə