“Yoldaşı vəfat edən şəxs istər qadın olsun, istərsə də kişi, əgər arvad özü də pensiya alırsa, həmin şəxs vəfat etmiş ərinin pensiyasını ala bilər. Bu eyni zamanda kişi üçün də keçərlidir. Ər də vəfat etmiş arvadının pensiyasını ala bilər. Lakin burada bir nüans mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Fariz Əkbərov sözlərinə belə davam edib: “Əgər vəfat edən şəxsin pensiyası alacaq olan şəxsin aldığı pensiyadan çoxdursa, o zaman ala bilər.
Şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmadıqda qanunvericiliklə nəzərdə tutulmuş hallarda sosial müavinət almaq hüququ vardır.
Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 14-cü maddəsində deylir ki, M a d d ə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri
14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:
14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:
14.1.1.1. 18 yaşına çatmamış;
14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;
14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;
14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;
14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.
14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər.
14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyasının məbləği onun notarial qaydada təsdiq olunmuş varisinə ödənilir.
Bu Qanunun 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Bu Qanunun 42.3-cü maddəsinə əsasən, əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə dəfn üçün müavinət həmin şəxslərə ödənilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə