Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

Unudulmaz Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə onun doğulduğu Şəki şəhərində silsilə tədbirlər davam edir. Fevralın 24-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, 2 nömrəli Uşaq Musiqi Məktəbi və MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə növbəti tədbir reallaşıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində Xalq şairinin yaradıcılığından bəhs edən kitab sərgisi ilə tanış olublar. Sərgidə, həmçinin həvəskar rəssam Könül Salahovanın Bəxtiyar Vahabzadənin poeziyasından ilhamlanaraq çəkdiyi rəsmlər də yer alıb.

Tədbirin əvvəlində şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Şairin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli çıxış edərək, Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairlə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunur.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlov çıxış edərək, Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə göstərdiyi yüksək qayğıdan söz açıb. O bildirib ki, Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti tərəfindən imzalanan Sərəncam ölkəmizdə elm, incəsənət və mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Tədbirdə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət ansamblının ifasında şairin şeirlərinə bəstələnmiş musiqilər səsləndirilib, şeirləri ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə