21 Fevral - Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. SİA BMT-nin saytına istinadən xəbər verir ki, builki Beynəlxalq Ana Dili Gününün mövzusu bu əlamətdar günün 25 illik yubileyinə həsr edilir. Hazırda dünyada olan 8324 dildən bir çoxu qloballaşma və sosial dəyişikliklər səbəbindən yox olmaq riski altındadır. Təhsil sistemlərinin öz ana dilində öyrənmək hüququnu dəstəkləməsi təlim nəticələrinin yaxşılaşdırılması üçün çox vacibdir.

Beynəlxalq Ana Dili Gününün 25-ci ildönümü mədəni irsin qorunmasında, təhsilin təkmilləşdirilməsində və daha sülhsevər cəmiyyətlərin təşviqində dilin qorunmasının vacibliyini vurğulayır.

İlk dəfə UNESCO tərəfindən elan edilən və daha sonra BMT Baş Assambleyası tərəfindən qəbul edilən Beynəlxalq Ana Dili Günü inklüzivliyin təşviqində və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında dillərin rolunu vurğulayır.

Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1969-cu ildə qoyulub: Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə