DİQQƏT: Əfvlə bağlı yeni sərəncam olacaq? - AYDINLIQ GƏTİRİLDİ

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Komissiyanın ilk iclasında 100-dən artıq müraciətə baxılıb. Əfv olunmaq üçün müraciət edənlərin arasında bəzi tanınmış simaların, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Olun və meyxanaçı Rəşad Dağlının da adının olduğu iddia edilir.

Məsələ ilə bağlı Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev SİA-ya açıqlamasında bildirib ki, "Cəza çəkənlərin cəzalarının yarısını çəkdikdən sonra onların əfv üçün müraciət hüququ yaranır. Ağır cinayət nədir? Ağır cinayət odur ki, 8 il və daha yüksək cəza nəzərdə tutulmuş cinayətlər ağır cinayət sayılır".

Onun sözlərinə görə, ağır cinayətə görə də, həmin şəxs cəzasının yarısını çəkdikdən sonra əfv hüququ yaranır. “Əfv komissiyasına cənab Prezidentin adına yüzlərlə müraciət daxil olur. Əfv komissiyasının üzvü olaraq hər hansı müraciətlə bağlı, kim müraciət edib, nə üçün müraciət edib və başqa məsələlərlə bağlı məlumat vermək hüququmuz yoxdur. Bundan əlavə olaraq bu etik bir davranış olmaz. Cənab Prezidentin hər il humanist davranışı ilə əfv sərəncamları olur. Əfv Kommisiyası cənab Prezidentin göstərişi ilə yalnız əfv hüququnun təşkilatı və texniki baxımından məsələləri təşkil edir. Başqa sözlə fikrimi izah etsəm deyə bilərəm ki, əfvetmə Əfv Komissiyasının birbaşa mandatına aid deyil, ancaq köməkçi funksiyaları yerinə yetirir. Son qərarı isə cənab Prezident İlham Əliyev qəbul edir ki, hansı şəxslər əfv olunmalıdır. Əfv Komissiyası şəxslərin müraciəti ilə bağlı, onların istəklərinə baxaraq rəy hazırlayır və cənab Prezidentə təqdim edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə