"Obyektlərdə yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır" - EKSPERT FİKRİ

"Mülkiyyət formasından asılı olmayaraq bütün obyektlərdə yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalı və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib.

Orxan Musayev sözlərinə belə davam edib: "Mehmanxanalar və ictimai iaşə obyektlərində baş verə biləcək yanğın hadisələri nəticəsində təkcə orada işləyənlər deyil, orada olan qonaqların da həyatı üçün təhlükə yaranmaqdadır. O səbəbdən də mehmanxana və iaşə obyektlərində yanğın təhlükəsizliyi tədbirlərinin işlək vəziyyətdə olmasına mütəmadi müəssisə rəhbərləri tərəfindən nəzarət olunmalıdır. Çünki obyektlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına müəssisə rəhbəri cavabdehlik daşıyır. Bu obyektlərdə yanğına səbəb ola biləcək halların qarşısı alınmalı və bu istiqamətdə kompleks tədbirlər görülməlidir.

İlk olaraq yanğın hadisələri baş verməsin deyə kompleks tədbirlər görülməli, yəni yanğın hadisəsinin baş verməməsi əsas məqsədə çevrilməlidir. Yanğın hadisəsi baş verdikdə isə yanğının ilkin başlanğıc mərhələsində yanğın hadisəsinə müdaxilə edib söndürülməsinə nail olunmalıdır. Yanğın hadisəsinə ilkin mərhələdə müdaxilə etmək üçün isə obyektlərdə ilkin yanğınsöndürmə vasitələri olmalıdır. İlkin yanğınsöndürmə vasitələrinin mövcudluğu ilə bərabər onların saz vəziyyətdə saxlanılması təmin olunmalıdır. Mehmanxana və iaşə obyektlərindən istifadə edən qonaqlar və orada işləyən işçilər obyektdə mövcud olan təxliyə yollarına bələd olmalı və çıxışların yerini bilməlidirlər. Təxliyə yolları, keçidlər və dəhlizlər insanların hərəkətinə maneə törədə bilən kənar əşyalarla tutulmamalıdır. Yəni təxliyə yollarında maneə vasitələrinin yerləşdirilməsi yolverilməzdir. Obyektdə yanğın təhlükəsizliyinin təmin olunmasına cavabdeh şəxslər təyin olunmalıdır. Bu cavabdeh şəxslər tərəfindən mütəmadi ilkin yanğınsöndürmə vasitələrinə yanğın siqnalizasiya və avtomatik sulu söndürmə sistemlərinə nəzarət olunmalı, bu sistemlərin saz vəziyyətdə saxlanılması ilə əlaqəli ixtisaslaşmış müəssisələrlə müqavilə bağlanmalıdır.

Yanğınsöndürən balonlar ildə bir dəfədən az olmayaraq texniki baxışdan keçirilməlidir. Texniki baxış şərtlərini yerinə yetirən müəssisənin bu sahədə mütləq lisenziyası olmalıdır. Obyektdə nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihazlarından istifadə edilməməlidir, obyektin elektrik təchizatı və ümumi elektrik sistemi ildə bir dəfədən az olmayaraq ixtisaslaşmış müəssisələr tərəfindən sınaqdan keçirilməlidir və sınaq nəticəsi olaraq protokollar təqdim olunmalıdır. Çünki bir çox hallarda baş verən yanğın hadisələri bilavasitə elektrik naqillərində olan nasazlıq və ya yüklənmə nəticəsində baş verə bilir.

Kustar üsulla hazırlanmış və normativ tələblərə cavab verməyən qızdırıcı cihazların istifadəsinə yol verilməməlidir. Mehmanxana və ictimai iaşə obyektinə daxil olan hər bir qonaq daxil olarkən mütləq obyektin təxliyə planı ilə tanış olmalıdır. Binanın bir mərtəbəsində 10 nəfərdən çox eyni anda şəxs məskunlaşırsa ora üçün artıq insanların təhlükəsiz köçürülməsi üçün təxliyə planları hazırlanmalı və hər bir kəsin görəcəyi yerlərdən asılmalıdır.

İşçi sayı çox olan müəssisələrdə yanğın hadisələrinə operativ müdaxilə etmək üçün könüllü yanğınsöndürmə dəstələri yaradılmalıdır. Yanğın hadisəsi baş verdikdə könüllü yanğınsöndürmə dəstələrinin üzvləri hər biri fərqli bir funksiyanı yerinə yetirməlidir. Obyektdə baş verən yanğın hadisələri zamanı işçilər qonaqların təhlükəsiz və sağlam şəkildə təxliyəsini təşkil etməlidir. Çünki yanğın hadisələri zamanı insanların təxliyə olunması mühüm əhəmiyyət kəsb edir.

Obyektin daxilində siqaret çəkilmə məsələlərinə xüsusi nəzarət təşkil olunmalı, siqaret yalnız xüsusi ayrılmış yerlərdə çəkilməlidir. Siqaret kötüyü tam söndürüldükdən sonra zibil qutusuna yerləşdirilməlidir və siqaret çəkilmə yerinin təyin olunması və təyin olunmuş yerdə xüsusi nişanın yerləşdirilməsi vacibdir. Siqaret çəkilən yerlərdə xüsusi su təminatı olmalıdır. Yanmayan materialdan olan və qapağı özü bağlanan külqabılar yerləşdirilməlidir. Fövqəladə hallar zamanı insanların əlaqə saxlaması üçün xüsusi fövqəladə hallar ilə bağlı nömrələr olan lövhə asılmalıdır. Obyektlərdə yanğın kranları mövcud olmalı və yanğın kranlarına mütəmadi nəzarət olunmalıdır. Yəni yanğın kranlarında suyun mövcudluğu daim nəzarət altında saxlanılmalıdır. Yanğın və digər fövqəladə hallar zamanı liftlərdən istifadə olunmamalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə