Təzə kənd südü necə saxlanmalı? - MÜTƏXƏSSİS AÇIQLADI

"Təzə kənd südü sağlamlıq üçün vacib qida maddələri ilə zəngindir. Tərkibində zülallar, yağlar, kalsium və müxtəlif vitaminlər, xüsusilə A, B qrupu və D vitaminləri mövcuddur. Bu vitaminlər orqanizmin düzgün inkişafı və fəaliyyətində mühüm rol oynayır. Lakin südün saxlanma şəraiti onun qida dəyərinə təsir göstərə bilir". Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.

Asim Vəliyev sözlərinə belə davam edib: "Buzxanada saxlanma təzəliyin qorunmasında əhəmiyyətli olsa da, vitamin dəyərində müəyyən dəyişikliklərə səbəb olur. Bu üsul südü daha uzun müddət təzə saxlamaq üçün effektiv üsuldur. Südün dondurulması zamanı temperatur -18°C və ya daha aşağı olmalıdır. Bu şəraitdə zərərli bakteriyaların çoxalması dayanır və südün keyfiyyəti uzun müddət qorunur. Lakin bu proses südün bəzi vitaminlərinin saxlanma müddətinə görə azalmasına səbəb ola bilər. Buzxana şəraitində saxlanma B1 (tiamin) və B6 vitaminlərinin bir qədər azalmasına səbəb ola bilir. Bunun səbəbi həmin vitaminlərin temperatur dəyişikliyinə qarşı həssas olmasıdır. Lakin bu azalma ciddi dərəcədə deyil və qida dəyərində əhəmiyyətli dəyişiklik yaratmır.

Südün təzə tərkibindəki C vitamini temperatur dəyişikliyindən ən çox təsirə məruz qalan maddələrdən biridir. Buzxanada uzun müddət saxlanıldıqda C vitamini miqdarı azala bilir. Bunun qarşısını almaq üçün südün saxlanma müddətini minimuma endirmək məsləhətdir. A və D vitaminləri yağda həll olduğu üçün buzxana şəraitində sabit qalırlar. Südün yağlılıq səviyyəsi yüksəkdirsə, A və D vitaminlərinin dəyərlərində demək olar ki, dəyişiklik baş vermir.

Buzxanada saxlanma mikrobioloji təhlükəsizliyi təmin edir. Bu üsul südün zərərli mikroorqanizmlərdən qorunmasını təmin edir, eyni zamanda südün təbii ləzzətini və teksturasını saxlayır. Vitamin dəyərini qorumaq üçün südü dondurmazdan əvvəl təzəliyini yoxlamaq və təmiz şüşə qabda saxlamaq lazımdır. Saxlama müddətini maksimum 1-2 ay ilə məhdudlaşdırmalıyıq. Südü yaxşı olar ki, otaq temperaturunda deyil, buzdolabında əridək. Bu hal vitamin dəyərinin daha yaxşı qorunmasına kömək edir. Südü yenidən dondurmamalıyıq. Çünki bu hal qida dəyərini daha da azalda bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə