Sumqayıtda binada baş verən partlayış hadisəsi nəticəsində binanın həyətində dayanan avtomobillərə də ciddi ziyan dəyib. Həmçinin hadisədə yaşayış binasının şüşələri də sınaraq yerə tökülüb. Bəs dəyən zərəri kim ödəməlidir? Bu kimi hadisələrdən özümüzü necə qorumalıyıq? SİA mövzu ilə bağlı Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədovun və milli təhlükəsizlik mütəxəssisi Rəşad Rzanın fikirlərini öyrənib.
Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov: "Sumqayıtda baş verən partlayış hadisəsi nəticəsində ətrafdakı maşınlara, daşınmaz əmlaka, obyektlərə ziyan dəyib. Ümumiyyətlə, dəyən zərər iki formada ödənilə bilər. Bu əmlaklar, maşınların sahibləri öz əmlak və avtomobillərini sığortalamalıdırlar. Əgər sığortalayıblarsa, onlar özlərinə dəyən zərəri sığorta şirkətindən alırlar. Sığorta şirkəti də bu zərəri qiymətləndirir, onlara ödənişi edir. Sonra onlara etdiyi ödənişi bu partlayışın səbəbkarları kim olacaqsa, onlara yönəldəcəklər. Zərərçəkmişlərə verdikləri pulu səbəbkarlardan alacaqlar. Bu, o halda baş verir ki, bu əmlaklar sığortalıdır.
Əgər bu əmlaklar sığortalı deyilsə, onda onlar özləri məhkəmənin qərarını gözləmədirlər. Müvafiq dövlət qurumları tərəfindən bu hadisənin səbəbkarı aşkar ediləndən sonra həmin səbəbkarı məhkəməyə verəcəklər. Dəyən zərəri ondan alacaqlar. Bu, olduqca uzun prosesdir. Məhkəmə prosesi uzun çəkə bilər. Onlar məhkəmənin bitməsini, səbəbkarın tapılmasını gözləsələr, uzun çəkəcək. Məhkəmənin qərarı hələ son qərar deyil, kimsə apellyasiyaya verə bilər. Uzun ay, bəlkə də, illərlə məsələ müzakirə oluna bilər. Amma o vaxta qədər gözləməlidirlər. Ən yaxşı o olardı ki, onlar maşınlarını, evlərini sığortalatmış olaydılar. Dərhal ödənişi sığorta şirkətindən alandan sonra sığorta şirkəti gözləmədə olur. Sığorta olmadığı halda səbəbkar elə şəxs ola bilər ki, onun maddi vəziyyəti yaxşı olmaz. Ona görə də, ən yaxşı üsul əmlakı sığortalamaqdır".
Milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza: "Təəssüf ki, Sumqayıtda belə hadisə ilə qarşılaşdıq. İnsanlar əvvəldən diqqət etməli, təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Bəzi məsələlərə dırnaqarası baxılmamalıdır. İnsanlar öz təhlükəsizliklərinə yetərincə diqqət etməlidirlər. Öncədən yoxlanılmalıdır. Hər kəsin, ətrafın da üzərinə düşür ki, belə hallarda xəbərdarlıq edilsin, xəbər verilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə