“Sosial işin təşkilində müəyyən boşluqlar mövcuddur” - SOSİOLOQ DANIŞDI

“Azərbaycan Respublikasının dövlət büdcəsi qəbul edilən zaman büdcənin 60 faizdən çox hissəsi məhz vətəndaşların sosial problemlərinin həllinə yönəldilib. Ümumiyyətlə konstitusiyamızda da qeyd olunduğu kimi Azərbaycan sosial yönümlü dövlətdir və ölkə son 30 ildə məhz bu yöndə özünü dünyada nümayiş etdirib”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox məcburi köçkünlə bağlı görülən işlər, vətəndaşların pensiya məsələsi ilə bağlı atılan addımlar sosial yönümlü cəmiyyət quruculuğunda ölkəmizin qazanmış olduğu uğurlardan biridir: “Hər bir vətəndaşın fərd olaraq sosial-məişət problemlərinin həlli dövlətin hər zaman diqqətindədir. Bununla əlaqədar artıq ayrı-ayrı məktəblərdə sosial işin təşkili və sosial işin peşə olaraq formalaşdırılması üçün müvafiq ixtisaslar yaradılır. Artıq on ilə yaxındır ki, bu ixtisaslar üzrə mütəxəssislər formalaşdırılır.
ƏƏSMN-nin təşkil edilməsi və tərkibindəki agentliklər sosial məsələlərin həllində mühüm rol oynayır. Görülən işlərin əksəriyyəti uğurla həyata keçirilsə də, bir çox tərəfləri zəifdir. Bu zəif tərəfləri aradan qaldırmaq isə dövlətin və hökumətin maraq dairəsindədir. Hökumət son dərəcə çalışır ki, yaradılmış imkanlardan vətəndaşlar daha çox istifadə etsinlər.

Sosial işin təşkilində müəyyən boşluqlar mövcuddur. Sosial iş dünyada yüksək səviyyədə inkişaf edib. Lakin bizdə hələ də yaşlılara, hamilə qadınlara yer verilməsi məsələləri müzakirə edilir.
Sosial işçilərin tibbi, psixoloji vəziyyətləri ilə bağlı problemlər var. Bəzən sosial işçi adı altında uyğun olmayan insanlar evlərə göndərilir, bu da nəticədə problemlərə yol açır.
Sosial Xidmətlər Agentliyi isə onlarla çalışan sosial işçilərin peşəkar olmasına xüsusi diqqət ayırır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə