“Qanunvericilik daha da sərtləşdirilə bilər” - KULTUROLOQ DANIŞDI

“İllərdir ki, bizim sosial-mədəni sferada, KİV, qəzetlər və yeni medialarda apardığımız maarifçilik, təbliğat, erkən nikah və qohum evliliyi ilə bağlı ictimai kampaniyaların nəticəsi olaraq Milli Məclis aidiyyatı qurumlarla razılaşdırılmış yeni qanun üzərində işləyir. Azərbaycanda sözügedən problemlər əsrlər boyu davam edirdi və getdikcə də özünün aktuallağını artırırdı. İstər qohum evliliyi, istər nikaha girməmişdən öncə tibbi yoxlanışa getməmək, eyni zamanda bəzi regionlardan kənar ərazidən olan biri ilə nikah aktının bağlanmaması ona gətirib çıxardı ki, erkən nikah və qohum evliliyi Azərbaycan cəmiyyətinin böyük bir hissəsinin sağlamlığında problemlər yaratdı”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, uzun müddət ərzində uşaq və ana ölümü ilə mübarizə aparmışıq: “İndi isə məcburuq ki, qohum evliliyi və erkən nikahlarla bağlı mübarizə aparaq. Çünki hər iki halda dünyaya gələn uşaqların əksəriyyəti xəstə olur, ya da sağlamlıqlarında ciddi problem yaranır.

Qohum evliliyi qəbulolunmaz haldır. Çünki biri-birinə qardaş-bacı deyərək böyüyən, qan qohumluğu olan şəxslərin gələcəkdə ailə həyatı qurması düzgün hesab olunmur. Çünki bu gələcəkdə böyük problemlər silsiləsini yaradır. Bütün bunlar gələcəkdə nikah pozulduqda iki ailə, hətta nəsil arasında düşmənçiliyə gətirib çıxarır. Sosial-ictimai məsələ olaraq çox mühüm tərəfləri var. Həmçinin statistika göstərir ki, bu cür evliliklərdən dünyaya gələn 10-15 faiz uşaqların səhhətlərində problem yaranır. Bu da cəmiyyətin özünə və ailələrə böyük yükdür. Bu səbəbdən qanunvericilikdəki bu tip dəyişiklikləri dəstəkləyirik. Hətta qanunvericilik daha da sərtləşdirilə bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə