Dayə, yoxsa bağça: hansı etibarlıdır? - MÜNASİBƏT BİLDİRİLDİ

"İstər dünyada, istərsə də Azərbaycanda dayə institutu, təsisatı həmişə olub". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, keçmişdə elitar təbəqədə - padşahlar, şahlar, krallar, xanların həyatında dayə institutundan istifadə olunub. Dayələr həm qadın, həm də kişilərdən olub. Kişilər daha çox oğlan uşaqlarının tərbiyələndirilməsi, təhsili, silahla, atla rəftarın öyrədilməsi ilə, siyasəti, fəlsəfəni, ədəbiyyatı, xəttatlığı və sair incəsənəti onlara öyrətməklə məşğul olublar. Qadın dayələr isə qız uşaqlarının böyüdülməsi və erkən yaşda oğlan uşaqlarının həm təmizliyi, sağlamlığı, dünyagörüşünün genişləndirilməsi, həm də böyüdülməsində xüsus rolları oynayıblar. Dayə institutu tarixən Avropada daha peşəkarcasına formalaşdırılıb. Amma Şərqdə də var. Şərqdə xacələr, ustadlar, müxtəlif müəllimlər olub ki, onlar oğlan uşaqlarının tərbiyəsi ilə məşğul olublar. Amma yetkinləşmiş dövrə qədər qız uşaqlarını da formalaşdıran dayələr olub.

İndi də Azərbaycanda bu təsisat getdikcə genişlənir. Əlbəttə, bu, normal haldır. Çünki həm qadın, həm də kişi müxtəlif yerlərdə işləyir. Uşaqların tərbiyəsi ilə ciddi məşğul ola bilmirlər. Təlim-tərbiyə isə erkən yaşlardan başlamalıdır. İxtisaslı mütəxəssislərdən ibarət dayələr həmin ata-ananın, valideynin missiyasının böyük hissəsini öz üzərlərinə götürürlər. Onlar həm yemək hazırlamaq, həm uşağın geyimi, təmiz havada gəzdirilməsi, həm əlifbanın öyrədilməsi, elmin müxtəlif sahələrinin, o cümlədən dərs tapşırıqlarının yerinə yetirilməsi və sair məsələlərdə valideynlərə çox kömək edirlər.

Hətta dünyada elektron dayə deyilən ifadələr, anlayışlar da var. Canlı dayələrin gördüyü işləri avtomatlar, xüsusi proqramlar, tətbiqlər və bunlardan sonra da robotlar yerinə yetirəcək. Söhbət canlı dayələrdən gedirsə, mütləq dayə seçimi əvvəl dövlət komissiyası tərəfindən əvvəlcədən sertifikatlaşdırılıb psixoloji, mənəvi, əxlaqi, sağlamlıq vəziyyəti, adekvat olub-olmaması xüsusi yoxlanılmalıdır. İkincisi, onların pedaqoji təlimi, attestatı, yaxud natamam ali təhsillə bağlı diplomu yoxlanılmalıdır. Həm valideynlər tərəfindən, həm işə götürənlər tərəfindən hər altı aydan bir onların sertifikatı yenilənməlidir, onlardan imtahanlar, müsahibələr götürülməlidir".

Onun sözlərinə görə, dayələrin təmiz, sağlam olması çox önəmlidir: "Çünki onlara həyatınızın ən qiymətli varlığını - uşaqlarınızın gələcəyinin bünövrəsini etibar edirsiniz. Bu zaman mütləq möhkəm bünövrə üzərində uşağı formalaşdırmaq, onun ömrünü planlaşdırmaqda dayənin rolu həddindən artıq böyükdür.

Dayələr insandır, insana sona qədər inanmaq mümkün deyil. Dayə təsisatı ilə yanaşı, evdə kamera və smart saatlar, valideynlərin mobil telefonlardan tez-tez uşağı və dayəni müşahidə etməsi, vizual və uşaq psixoloqunun uşağı hər ay yoxlaması kimi cəhətlərə də önəm vermək lazımdır. Çünki bu vaxt dayələrdə məsuliyyət, götürdükləri öhdəlikləri layiqincə yerinə yetirmək kimi hallar yaranacaqdır. Valideyn nəzarəti həm real, həm də elektron qaydada mütləq lazımdır. Bu olmasa, öz işinə məsuliyyətsiz yanaşan, sadəcə pul xatirinə evlərdə dayəlik, xadiməlik edən şəxslərin yetişdirdiyi uşaqlar da digərlərindən fərqlənməyəcəklər.

Nə qədər savadlı olsa da, evində övladlarını formalaşdıran zaman istər-istəməz boşluq yaranır. Uşaq ata-anaya o qədər də inanmır, nəinki öz dayəsinə. Ona görə də dayəlik institutu həm də bağçaya, orta məktəbə uşaq hazırlamaq üçün mütləq lazımdır. Sözsüz ki, əgər iqtisadi vəziyyətiniz yaxşıdırsa və işləyib uşağa baxa bilmirsinizsə, dayəlik təsisatı və bağça sistemi mütləq lazımdır. Bir insanın uşaqlıqdan sosiallaşması, ictimai, mədəni, elmi və sivil dəyərlərə malik olması vacibdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə