"Ramazandan sonra da bu gözəllikləri qorumaq lazımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ramazan bayramı haqqında danışmaq üçün öncə Ramazan orucunun mahiyyətinə nəzər salmalıyıq". Bu sözləri SİA-ya açıqlamasında Ffd, Azərbaycan İlahiyyat institutunun müəllimi, İlahiyyat məscidinin imamı Vüqar Səmədov deyib.

O bildirib ki, Ramazan orucu İslamiyyətin ən önəmli ibadətlərindən biridir: "Qurani-Kərimdə Ramazan orucu haqqında məlumat verilir. Bəqərə surəsinin 183-cü ayəsində buyurulur ki, sizdən əvvəlkilərə oruc ibadəti fərz qılındığı kimi sizə də fərz edildi. Umulur ki, təqvaya çatasınız.

Ramazan elə aydır ki, onda Quran nazil olmuşdur. Ramazan ayında möminlər mənəvi olaraq kamilləşirlər. Əsas məsələ nəfs üzərində qələbə çalmağı bacarmaqdır. İnsan nəfsini alışdığı ləzzətlərdən uzaq tutaraq nəfs üzərində qələbə qazanır. Beləliklə, zikrlər, tövbələr edərək, Qurani-Kərimi bol-bol oxuyaraq belə gözəl vərdişlər edirlər.

Ramazan bayramını birinci növbədə bütün millətlə, müsəlmanlarla bərabər qeyd etmək, birlikdə Ramazan bayramının gözəlliklərini hiss etmək lazımdır. Ramazanda qazandığımız alışqanlıqların Ramazanda qalmaması lazımdır. Sakit, səbirli, şükür edən, Allahın verdiyi nemətlərin qədrini bilən insan oluruqsa, eyni zamanda pis işlərdən daha çox çəkiniriksə, yeməyimizi paylaşmağı, fəqirlərə əl tutmaq kimi alışqanlıqlar əldə etdiyimiz kimi bunları Ramazanın xaricinə də daşımaq lazımdır. Bayramlar yemə və bayramı qeyd etməkdir. Ona görə də evlərdə bayram süfrələri təşkil olunması, qohumların ziyarət olunması, xüsusilə də, böyüklərin, kimsəsizlərin ziyarət edilməsi, onların dualarını almaq, kiçiklərə də hədiyyələr vermək lazımdır ki, onlar bu bayramın nə mənaya gəldiyini idrak etsinlər, könüllərində Ramazan orucu haqqında sevgi oyansın".

Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, Ramazanda biz şəhid ailələrini ziyarət etməliyik, onların könüllülərini almalıyıq: "Onların övladları üçün dualar etməliyik ki, torpaqlarımızı onlar sayəsində azad etdik. Birlik, bərabər vəziyyətdə bayramı qeyd etməyimiz də şəhidlərimizin müqəddəs ruhları sayəsində oldu. Bayram günlərində kimsəsiz, yoxsulları ziyarət etdiyimiz kimi şəhid ailələrinin də yanında olmalıyıq. Ramazan bizə ən önəmli ibadət olan nəfsimiz üzərində qələbə çalmağı öyrədir, gözəl vərdişləri, alışqanlıqları, şükür, səbir kimi duyğuları öyrədir. Ramazandan sonra da bu gözəllikləri qorumaq lazımdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə