"Məktəb direktoru məsələni malalayaraq problemin üstünü örtür" - KULTUROLOQ DANIŞDI

“Son zamanlarda cəmiyyətimizdə baş verən hadisələri araşdıran zaman, mütləq oxşar və bir az daha inkişaf etmiş cəmiyyətlərlə müqayisə aparmalıyıq. İstənilən müqayisə əlbəttə ki, qüsurludur. Amma öz cəmiyyətimizdə olan prosesləri dəyərləndirmək üçün başqa çıxış yolumuz yoxdur, bu ən universal metod sayılır. Bu cür hadisələr dünyanın istənilən ölkəsində baş verir. Azərbaycanda isə vəziyyət daha ürəkaçan görünür, çünki ölümlə nəticələnməyən epizodlar formasında baş verir. Xarici ölkələrdə isə bu tipli hadisələr daha çox ölümlə nəticələnir”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, həmin cəmiyyətlərdə insanlar özlərini göstərmək üçün qəzəblərini ətrafdakı insanlara hücum etməklə göstərirlər: “Azərbaycanda isə Qarabağ müharibəsində qalib gəldikdən, yeni inkişaf mərhələsinə qədəm qoyduqdan sonra bu cür hadisələrin baş verəcəyini gözləyirdik. Çünki Azərbaycan dünyanın bir hissəsidir və dünyada baş verən hadisələr də öz əks-sədasını ölkəmizdə göstərir.

Dünyada bu cür hadisələrə qarşı kəskin tədbirlər həyata keçirilir. Azərbaycanda isə bu cür hadisələr tez-tez olmadığından qanunvericilikdə dəyişiklik edilməyib. Xaricdə nəinki valideyn uşağını döydükdə, qışqırdıqda belə valideynlik hüququndan müəyyən müddətə məhrum edilir. Azərbaycanda isə bunlar yoxdur. Valideynlər rahatlıqla övladlarını döyə bilirlər. Hətta məktəb yoldaşları tərəfindən belə şiddətə məruz qalan uşaqlarımız var. Nəticədə isə məktəb direktoru məsələni malalayaraq problemin üstünü örtür.

Son zaman baş verən hadisələrin subyektiv və obyektiv səbəbləri var. Bir çox hallarda valideynlər işdə olduğundan, uşaqları ilə yaxından maraqlana bilmirlər. Məktəb isə uşaqlara təhsil verməklə yanaşı, onların tərbiyə olunmasında da mühüm rola sahibdir. Ümumiyyətlə məktəblərdə bir çox mənada vəziyyət ürəkaçan deyil. Bütövlükdə isə qanunvericiliyə dəyişiklik edilməli və cüzi nahaq hərəkətin belə müvafiq cəzası olmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə