"Azərbaycan mədəniyyəti qədim dövrlərdən bu yana müxtəlif janrlar və növləri formalaşdırmaqla həm incəsənətimizə, ədəbiyyatımıza, həm də milli adət-ənənələrimizə çox böyük təsir göstərib". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Sosioloq bildirib ki, Azərbaycan mədəniyyəti unikal, multikultural bir incəsənət növüdür: "Bizim yaşadığımız coğrafi ərazidə sərhəd olduğumuz xalqlarla qarşılıqlı təsir, dini, iqtisadi, mədəni əlaqələr nəticəsində yaranmış incəsənət növləri ilə yanaşı, bünövrəsində milli Azərbaycan yaradıcı düşüncəsini təşkil edən müxtəlif sənət növləri var. Bu, tətbiqi sənət növləri daxil olmaqla incəsənətin müxtəlif janrlarına, miniatür daxil olmaqla meydan tamaşaları, mərasim və toylarda, el şənliklərində göstərilən oyunlara qədər müxtəlif sənət növlərinin Azərbaycan insanının yaradıcı təxəyyülünün və dünya baxışının formalaşmasında böyük təsiri olub. Azərbaycanda həm meydan tamaşaları, həm el şənliklərində, toylarda, dini mərasimlərdə nümayiş etdirilən teatrlaşdırılmış bu tamaşalar dramatik hadisələri özündə əks etdirən bu səhnəciklər, yaxud böyük səhnələr gənc nəslin fiziki və sağlam böyüməsinə, estetik düşüncəsinin formalaşmasına xidmət edib. Meydan, mərasim tamaşalarının bir hissəsinə aid edilən uşaq ədəbiyyatı, oyunları, səhnəcikləri yeni nəslin formalaşmasına xidmət edir. Qız uşaqlarının fala baxması, "Yeddi daş" oyunu, Novruz bayramı mərasimlərində qulaq falına çıxmaq, rəqs və yallı növləri, oğlan uşaqlarının güləş, qol döyüşü, at çapmaq, ox atmaq kimi bir çox sənət növlərinin miniatür variantını özündə əks etdirən uşaq oyunları tarixən də maraqlı olub. İndi də bəziləri saxlanılır. Təəssüflər olsun ki, onların çoxu unudulub. Əsas da yazıya alınmayan, peşəkar incəsənətin sahələrinə keçməyən hissələri unudulub".
Onun sözlərinə görə, əgər muğam sənəti "Koroğlu" operası formasında dünyaya çıxarılmasaydı, bizim muğamlarımız hələ də folklor nümunəsi olaraq qəbul ediləcəkdi: "Muğamın bəzi qolları zəifləyib məhv olacaq, tarixə qovuşacaq, bəziləri isə xalqın yaddaşında gələcəyə köçürüləcəkdi. Uşaq oyunları və tamaşaları da belədir. Uşaq oyunlarının da müxtəlif növləri var. Təəssüf ki, bunlar az tədqiq edilib. Hətta araşdırılsa da, məşhurlaşmayıb. Hər hansı oyun növü, çövkən, güləş, ilaxır çərşənbə zamanı qadın paltarı geyinmiş oğlanların rəqs etməsi və çalğı alətləri ilə evləri gəzib bayramın gəlişini qeyd etmək, kosa, keçəl səhnəcikləri, toylarda "xan səhnəsi", müxtəlif oyun növləri var ki, bunlar hələ o qədər də tədqiq edilməyib.
Uşaq oyunlarında da böyüklərdə olduğu kimi qızlar və oğlanların ayrı istiqamətdə inkişaf etmiş səhnəcikləri olub. Bu oyunlar bəzən incəsənət, idman növünə çevrilib, bəzən də uşaqların asudə vaxtlarını maraqlı keçirmələri, fiziki bədən quruluşlarının inkişaf etdirilməsinə yönəlib. Keçmişdə qar yağanda, soyuqda təsərrüfat işlərini görəndən sonra boş vaxtlarını keçirmək üçün uşaq və böyüklər bu cür oyunlar təşkil etməklə vaxtlarını səmərəli keçirirdilər. Oyunların əsas məqsədi də yeni nəslin sağlam böyüməsi, real həyata hazırlıqlı olması, eyni zamanda mədrəsə və mollaxanada təhsil alan uşaqların sosiallaşması, dünyagörüşü, düşüncə tərzinin formalaşması üçün idi".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB