“Bəzi cəmiyyətlər ağıllı avadanlıqların quluna çevrilməyə başladılar“ - KULTUROLOQ DANIŞDI

“Ağıllı telefonlar, planşetlər, noutbuklar və digər smart avadanlıqlar müasir dövrdə insanların komfortlu şəkildə istədiklərinə çatması üçün mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, inkişaf etmiş, elmə və təhsilə böyük önəm verən bir çox cəmiyyətlərdə bununla bağlı ayrıca nə konsepsiya, nə də proqram var. Dövlətin inkişafı ilə bağlı vaxtilə böyük proqramları var idi. İnternetin özünün texniki cəhətdən inkişafı, çap edilmiş kitabların onlayn formada çıxması, elektron kitabxanaların formalaşdırılması istiqamətində də mühüm işlər görülüb”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, internet geniş sferalara təsir etməyə başladıqdan sonra artıq buna uyğun olaraq yeni smart avadanlıqlar yaradıldı: “Hər bir insan öz dünyagörüşünə, intellektinə uyğun olaraq bu ağıllı cihazlardan istifadə etməyə başladı. Hətta bəziləri bu istiqamətdə özlərinə biznes quraraq, inkişaf etdilər.

Lakin bəzi cəmiyyətlər isə ağıllı avadanlıqların quluna çevrilməyə başladılar. Milyonlar, milyardlarla insan smart cihazlardan məhz əyləncə kimi istifadə etməyə başladı. Bu isə internetin çirklənməsinə səbəb oldu və cəmiyyətləri vurmağa başladı. Bu səbəbdən də internetdən istifadə qaydaları ilə bağlı maarifləndirmə işlərinin görülməsinə böyük ehtiyac var”.

Bütün xəbərlər Facebook səhifəmizdə