"Gələcəkdə bunun çox ciddi fəsadlarını yaşayacağıq" - SOSİOLOQ DANIŞDI

"Ölkəmizdə abortlarının sayının artması bir sıra amillərlə bağlıdır. Onlardan ən birincisi iqtisadi durumla bağlıdır". Bu sözləri SİA-ya sosioloq Aynur Hacıyeva deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan ailələrində valideynlər bir və yaxud da iki uşaqla kifayətlənirlər: "Çünki övladlarını maddi duruma görə yetişdirə bilməyəcəklərini düşünürlər. Yaxud da ki, valideynlərin hər ikisi işlədiyinə görə artıq iş həyatına çox uşağın mane olmasını düşünürlər. Bir səbəb də təəssüflər olsun ki, qız övladlarını dünyaya gətirmək istəmədiklərindən irəli gəlir. Sirr deyil ki, cəmiyyətimizdə oğlanlar qızlardan üstün hesab edilir.

Bu, təbii ki, qəbuledilməz bir haldır. Çox təəssüf ki, müasir dövrdə yaşamağımıza baxmayaraq hələ də qız övladlarının dünyaya gəlməsi xoşagəlməz hal kimi qiymətləndirilir, çünki oğlan övladına nəslin davamçısı kimi baxırlar. Son göstəricilərə görə, ölkəmizdə 115 oğlana 100 qız sayı göstərilir. Bu isə onu göstərir ki, dünyada Çini belə arxa sıralarda qoymuşuq”.

Sosioloq qeyd edib ki, bu nəticə gələcəkdə genofondumuza ciddi təsir göstərəcək: “Bu, gender bərabərsizliyinin cəmiyyətə verdiyi acı nəticələrindən biri kimi hesab olunur. Bir neçə on illiklərdən sonra bunun ağır fəsadlarını cəmiyyət olaraq yaşayacağıq. Qızların süni şəkildə azaldılması bu tempdə dava edərsə, o zaman cəmiyyətdə qız çatışmamazlığı yaranacaq. Bu da öz nisbətində övladını evləndirməyə qız tapa bilməyənlərin sayı artmasına, eləcə də cəmiyyətdə qız qaçırtmaq, göbək kəsdi, insan alveri və s. gender əsaslı zorakılıq hallarının şiddətlənməsi ilə nəticələnəcək. Yaxud da ki, eynicinsdən olan insanların evlənmələrinin sayının artımına da gətirib çıxaracaq. Bir sözlə, gələcəkdə bunun çox ciddi fəsadlarını yaşayacağıq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə