"Azərbaycan büdcəsinin böyük bir hissəsi sosial xərclərə ayrılır" - KOMİTƏ SƏDRİ DANIŞDI

"Vətəndaşların sosial müdafiəsinin təmin edilməsi, sosial rifahının daim yaxşılaşdırılması Azərbaycan Prezidentin daxili siyasətinin prioritet istiqamətidir. Heç də təsadüfi deyil ki, hər il Azərbaycan büdcəsinin böyük bir hissəsi sosial xərclərə ayrılır. Növbəti ilin büdcəsində də belə bir artım müşahidə olunur. Nəzərə alsaq ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 7 milyard manata çatıb. Əgər bu Fond da sosial xərclərə vəsait ayırırsa, deməli Azərbaycan büdcəsinin yarısından çoxu əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, əhalinin aztəminatlı hissəsinin, sosial müdafiə və qayğıya ehtiyacı olan qrupların təminatlarının, onlara olan xidmətin keyfiyyətinin yüksəldilməsi sosial siyasətin mühüm tərkib hissəsidir: "Bu mənada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-cü ildə yaradılmış DOST Agentliyi və ondan sonra açılmış 7 DOST Mərkəzi məhz bu məqsədə xidmət edir. Hazırda DOST mərkəzlərinə müraciətlərin sayı 1 milyon 700 mini ötüb. Vətəndaşların məmnunluq indeksi 98%-in üzərindədir. Dünən İsmayıllıda Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "DOST EVİ" filialının açılması həmin bölgədə yaşayan sosial müdafiə yardımına və inkişafa ehtiyacı olan uşaqların, gənclərin cəmiyyətə inteqrasiya olunmasında, sosial adaptasiyasında, eyni zamanda asudə vaxtlarının səmərəli keçirilməsində mühüm rol oynayacaq".

Deputat sözlərinə davam edərək bildirib ki, bütövlükdə 2019-cu ildən etibarən ölkə başçısının fərman və sərəncamları ilə Azərbaycanda başlanan dərin sosial islahatlar bu gün də uğurla davam edir: "İndiyədək Prezident İlham Əliyev 50-dən çox fərman və sərəncamları nəticəsində 4 sosial islahatlar zərfi qəbul olunub ki, onların da illik büdcə xərci 7 milyard manata yaxındır. Bu aparılan islahatlar nəticəsində son beş ildə əməkhaqqılar, təqaüdlər, sosial müavinətlər dəfələrlə yüksəlmiş, ünvanlı sosial yardımın məbləği artmışdır. Bu islahatların uğurlu nəticəsi olaraq hər il orta aylıq əməkhaqqı 10%-dən daha yüksək bir məbləğdə artırılır. Gələn il bütün növ pensiyalarda 11%-dən az olmayaraq artım müşahidə olunacaq. Pensiyaların artımı vətəndaşların daha da yaxşı yaşamasına gətirib çıxaracaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə