Övladını küçəyə atan valideynlər necə cəzalandırılmalıdır? - EKSPERT TƏNQİD ETDİ

"Son zamanlar Azərbaycanda digər ölkələrdə olduğu kimi valideynlərin və ya tək valideynin uşaq dünyaya gətirib, daha sonra onu küçəyə atması kimi hallar çoxalıb. Bu, həm dində günah sayılır, həm də sivil normalara ziddir. Bir ananın doğuşdan sonra psixoloji gərginlik, psixoloji-mənəvi böhran keçirdiyi, azyaşlı qızların təcavüz nəticəsində övlad dünyaya gətirdiyi ya ərindən şiddət gördüyü zaman ananın uşaqdab imtina etməsi normal qarşılana bilər. Amma bütövlükdə hansısa təsadüfi və ya qanuni münasibət zamanı hamilə qalıb daha sonra uşağı çölə atmaq və ya dövlətin öhdəsinə buraxmaq nə valideyn vəzifəsinə uyğun gəlir, nə də insan vicdanına sığır. Belə şəxsləri həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edirlər". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, Şərqdə, xüsusilə də Azərbaycanda övladı dünyaya gətirən ananı cəzalandırmağa meyilliyik: "Amma o qadınla eyni məsuliyyəti daşıyan kişi və "kişiciklər" nədənsə yaddan çıxır. Düşünürəm ki, övladını küçəyə atan valideynlərin hər ikisi məsuliyyət daşımalıdır. Keçmiş sovet dövründə bu və ya digər dərəcədə obyektiv səbəblərə görə uşaqların dövlətə verilməsinin şahidi olurduq. 30-cu illərin sosial hadisələr və siyasi repressiyalar və s. zamanı tərk edilmiş uşaqları dövlət və cəmiyyət çox ciddi tərbiyələndirirdi. Onların hər baxımdan yetkin bir vətəndaş olmasına, qidalanmasına, ali təhsil almasına önəm verilirdi. Nəzər yetirsək görərik ki, nə qədər internatda böyüyüb boya-başa çatmış tanınmış insanlarımız var".

"Vaxtilə belə bir təklif etmişdim ki, internatda böyüyən uşaqlar birbaşa "dövlət övladı" statusu alsın və onlar hərbidə, polisdə və digər lazım olan sahələr üçün yetişdirilsin. Lakin o zamanlar valideynlərin uşaqlarını internata qoyması üçün obyektiv səbəbləri var idi. İnternatda böyüyən uşaqların əksəriyyəti ali təhsil müəssisələrinə qəbul olunur, çox ciddi tərbiyələndirilirdilər. İndi isə uşağını küçəyə atan valideynlər müxtəlif bəhanələr gətirirlər. Hər hansı uşağın atılması ilə bağlı ciddi araşdırma aparılmalı, həmin valideynləri cəzalandırmaqla yanaşı daha sərt bir mövqe ortaya qoyulmalıdır. Məsələn, bir çox ölkələrdə seksual manyakların bir daha uşaq dünyaya gətirməsinin qarşısı alınır. Əgər bir hadisəni törədən qadın və ya kişi bunu dəfələrlə edirsə, deməli burada bir neçə maraq var. Uşaq dünyaya gətirib satanlar var. Təsadüfi şəkildə dünyaya uşaq gətirmiş valideynlər bir dəfə bağışlana bilərlər, amma onlar dövlətin xüsusi sistemində qeydiyyata alınmalı və təkrar belə bir addımlarında çox ciddi cəzalandırılmalıdırlar",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə