Ərdoğanın yenidən prezident seçilməsinə şəhər sakinlərinin - TƏƏSSÜRATLARI -SORĞU

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan tam üstünlüklə qalib gələrək ölkənin 13-cü Prezidenti seçildi. Bu, Türkiyə ilə yanaşı, həm də Azərbaycanın siyasi qələbəsidir. Məlumdur ki, bir sıra siyasi dairələr və qruplar məhz bu qələbənin qazanılmasına mane olmaq üçün genişmiqyaslı planlar həyata keçirirdilər. Reallığı əks etdirməyən sorğuların təşkili, Azərbaycandan yan keçən layihələr və xarici qrupların maraqlarına xidmət edən şəxslərin bəyanatları məhz bu planların tərkib hissəsi idi. Bəs görək, paytaxt sakinləri mövzu ilə bağlı nə düşünür. SİA bu barədə sorğu keçirib.

Paytaxt sakini Böyükağa Məmmədov: “Rəcəb Tayyib Ərdoğan bizə daha əvvəl də Qarabağ məsələsində siyasi və mənəvi dəstəyini verirdi. Təbii ki, bizə qardaş qayğısıyla yanaşan bir liderə qarşı pis fikirdə ola bilmərəm. Düşünürəm ki, bundan sonra da Ərdoğan Azərbaycana dəstək olmağa, eyni yolu getməyə davam edəcək. Andiçmə mərasimində o, Paşinyanı arxada oturtdu. Çünki onun layiq olduğu yer məhz arxaydı. Həmişə o cür qondarma dövlətlərin yeri "arxada" olacaq. Onların heç vaxt qabaqda yeri yoxdur. Prezident İlham Əliyev Ərdoğana daim qardaşı kimi yanaşıb. Biz də vətəndaşlar olaraq onu öz qardaşımız kimi görürük”.

Paytaxt sakini İqbal Məmmədli: “Türkiyədə son seçkilərdən sonra hökumət tərkibində dəyişikliklər olunub. Düşünürəm ki, bu dəyişiklik qardaş ölkənin iqtisadiyyatına müsbət təsir edəcək. Türkiyə hər zaman Azərbaycanın arxasında olub. Bundan sonra da belə davam edəcəyini düşünürəm. Seçkilərdə Rəcəb Tayyib Ərdoğandan başqası da seçilsəydi, yenə də Azərbaycan və Türkiyə münasibətlərinin zərər görəcəyini düşünmürəm”.

Paytaxt sakini Tamara Nəsirova: “Deyərdim ki, Atatürkdən sonra Türkiyənin yetişdirdiyi ən böyük siyasi xadim məhz Ərdoğandır. Ərdoğan çox alicənab və xalqını sevən adamdır. O, bütün millətlərə, xüsusən türk millətlərinə çox böyük qayğıyla, mehribanlıqla yanaşır, onları sevir. Bizim damarlarımızda xalis türk qanı axır. İnşallah Ərdoğanın bu beş il ərzində heç bir dərdi olmaz. Bütün yolunu azan dünya liderlərinə siyasət dərsi keçər”.

Paytaxt sakini İsmayıl Qarayev: “Ərdoğanın təkrar prezident seçilməsi bizim üçün çox müsbət haldır. O, dünya dövlətləri ilə münasibətlərində daha çox Azərbaycanyönümlü siyasət yürüdür. Onun yürütdüyü siyasət bizim ölkənin də maraqlarına uyğun gəlir. Düşünürəm ki, seçkinin nəticəsi başqa cür olsaydı bizim münasibətlər irəliyə yox, geriyə gedəcəkdi. Bizə bu cür doğma, yaxın, qardaş münasibəti göstərən bir prezidenti bəyənməyə bilmərik”.

Paytaxt sakini Rəvan Nağıyev: “Kılıçdaroğlu çıxışında göstərdiyi layihəyə Azərbaycanı daxil etməmişdi. Bu da onu göstərir ki, Kılıçdaroğlu anti-Azərbaycan siyasəti yürüdür. Ona görə də Ərdoğanın seçilməsi Türkiyə üçün olduğu kimi, Azərbaycan üçün də çox müsbət haldır. Ərdoğan bizim Prezidenti öz doğma qardaşı kimi görür. Bizimlə olan münasibətlərdə də, atdığı addımlarda da bunu müşahidə edirik”.

Paytaxt sakini Xalidə Şirinova: “Düşünürəm ki hər şey yaxşı olacaq. Çünki Rəcəb Tayyib Ərdoğan siyasi kimliyindən əlavə olaraq çox yaxşı insandır. Andiçmə mərasimində bizim Prezidentimizi yanında oturdub, Paşinyanı da onun arxasında oturtmağı çox gözəl bir mesaj oldu. Mən Ərdoğana uzun ömür, can sağlığı arzulayıram. Allah onu türk xalqının başından əksik etməsin. İnanıram ki, əlaqələrimiz daim belə gözəl və möhkəm qalacaq”.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə