"Uşaqları cinsi istismar edənlər kəskin şəkildə cəzalandırılmalıdır" - EKSPERT TƏNQİD ETDİ

“Təəssüf ki, uşaqların qrup halında və ya yaşlı nəsil nümayəndələri tərəfindən seksual zorakılığa tuş gəlməsi faktları günü-gündən artmağa başlayıb. Azərbaycan cəmiyyəti, bizim mental dəyərlərin tarixi üçün yad olan, ümumiyyətlə, indiyə qədər Azərbaycan xalqının nümayəndələri arasında ən bağışlanmaz günah sayılan uşaqlara qarşı seksual zorakılıq faktları çox kəskin şəkildə qınanmalıdır. Tarixən Azərbaycanda baş verən belə hallarda həmin şəxslər linç edilirdi ki, başqalarına da ibrət olsun. Əlbəttə ki, XXI əsrdə belə hadisələrin yaşanmasını istəməzdik”. Bu sözləri SİA-ya açıqlamasında VCA və YYSİB sədri yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, seksual zorakılıq edən adamlara qarşı dövlət tərəfindən elə qanunlar tətbiq edilməlidir ki, bir daha heç kim belə bir şeyə cəhd etməsin: “Çünki belə şeylərə məruz qalan qız və ya oğlan uşaqları el içində biyabır olur, heç kim öz qızını həmin oğlana vermir, öz oğluna da təcavüzə uğramış qızı almır. Çox qəribədir ki, cinayəti törədənlər olurlar qəhrəman, əsl kişi, amma qurbanlar isə ictimai qınaq obyekti olurlar. Nə vaxta qədər dövlət bu adamlara yiyə durmalıdır?! Təkcə dövlət yox, cəmiyyət də cinayət qurbanlarının yanında olmalıdır”.

Ekspert sözlərinə davam edərək bildirib ki, artıq müasir dövrdür: “Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində seksual məsələlərlə bağlı neomaarifləndirmə işləri aparmalıyıq. İnsanlara nə qədər bu tip məsələlərə 18 yaşdan sonra önəm verməyin vacibliyini, intim münasibətlər haqqında ətraflı məlumatları ötürəcəyiksə, bir o qədər bu hadisələr baş verməyəcək. İstər fərdi, istərsə də qrup halında uşaqlara, yeniyetmələrə qarşı zorakılıq törədənlər mütləq həkim-psixoloq nəzarətində, hüquq mühafizə orqanlarının diqqətində olmalıdır. Onların ayaqlarında elektron təhlükəsizlik qolbaqları görməliyik ki, bir nəfərə qarşı zorakılıq tətbiq edən başqasına da eyni şeyi etməsin. Vəziyyət o yerdədir ki, uşaqlarımız çölə çıxa bilmir. İçimizdə qorxu olur ki, hər an kimsə uşaqlarımızı yoldan çıxara, seksual zorakılıq tətbiq edə və mənəviyyatına zərər gətirə bilərlər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə