İstehlakçı hüquqları və onların artırılmasında Məhsulun Ekoloji İzinin potensial təsiri

Hər ilin 15 mart tarixi bütün dünyada istehlakçılar üçün mühüm gündür. Ümumdünya İstehlakçı Hüquqları Günü ilk dəfə 1962-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən irəli sürülmüş və zaman içində istehlakçıların hüquqları və ehtiyacları barədə qlobal səviyyədə məlumatlılığı artırmaq üçün vasitə olmuşdur.

Bu günün xüsusilə qeyd edilməsi bütün istehlakçıların hüquqlarına hörmət edilməsi və qorunmasını tələb etmək, ticarət pozuntularını və sosial ədalətsizlikləri qabartmaq və qarşısını almaq üçün yaxşı fürsətdir. Məhsul və xidmətlərin ətraf mühitə təsiri və ya izi haqqında dəqiq və etibarlı məlumat əldə etmək istehlakçı hüquqlarından biridir. İstehlakçıların məhsulun ekoloji izi (MEİ) haqqında məlumatlı olmaları onlara daha davamlı və ekoloji cəhətdən daha təmiz malları almaq qərarını verməyə kömək edə bilər. Bundan əlavə, istehlakçılar aldıqları məhsulların həm insan sağlamlığı, həm də ətraf mühit üçün təhlükəsiz olmasından əmin olmaq hüququna malikdirlər. Öz həyat dövrləri ərzində ətraf mühitə mənfi təsirləri minimuma endirmək, eyni zamanda sosial və iqtisadi faydaları dəstəkləmək məqsədilə dizayn və istehsal olunan məhsullar daha davamlıdır.

Məhsulun Ekoloji İzi (MEİ) öz həyat dövrü boyunca məhsulun ətraf mühitə təsirini ölçmək üçün metoddur. MEİ Avropa Komissiyası tərəfindən Yaşıl Məhsullar üçün Vahid Bazar (YMVB) təşəbbüsünün bir hissəsi kimi təklif edilsə də, MEİ hələ də ayrıca bir qanunvericilik aktı deyil, metoddur.

Həyat dövrünün qiymətləndirilməsi (HDQ) nədir?

Həyat Dövrünün Qiymətləndirilməsi (HDQ) məhsulun ətraf mühitə təsirini hesablamaq üçün bir metoddur. HDQ-lər geyim sənayesində geniş istifadə olunur, çünki onlar məhsulu təşkil edən materiallar və bu materialların məhsulun bütün həyat dövrü mərhələlərində - xammalın hasilatından tutmuş istehsal, paylanma, istifadə və sonda tullantıların idarə edilməsinə qədər - ətraf mühitə necə təsir etdiyi barədə aydın təsəvvür yaradır. Bu təsirləri azaltmaq istiqamətində daha doğru qərar vermək məqsədilə HDQ prosesi şirkətlər və müştərilər üçün yaxşı imkan yaradır. Lakin digər oxşar həllər kimi HDQ də mükəmməl deyildir və müzakirəyə açıqdır.

MEİ HDQ-yə əsaslanır və hər ikisi məhsulun həyat dövrü boyunca təsirini hesablamaq üçün nəzərdə tutulmuş metoddur. Bununla belə, MEİ universal HDQ üsulundan daha aydın şəkildə ifadə olunmuşdur və Avropada HDQ üçün “qızıl standart” ola bilər. Məsələn, MEİ məhsulun həyat dövrləri üçün aydın sistem hüdudları müəyyən etdiyi halda, HDQ hüdudları şərhə açıqdır. MEİ, həmçinin HDQ tərəfindən tələb olunmayan məhsulun yararlılıq müddətinin sona çatması üzrə ciddi qiymətləndirmə təlimatları təqdim edir. MEİ məhsullar arasında müqayisəliliyi təmin etmək üçün standartlaşdırılıb, HDQ-nin əhatə dairəsi isə qiymətləndirməni kimin aparmasından asılı olaraq fərqlənə bilər. Bu, mühüm fərqdir, çünki müqayisəlilik yalnız nəticələr eyni qaydalara (Məhsulun Ekoloji İzi üzrə Kateqoriya Qaydalarının (MEİKQ) mövcud olmasının səbəbi) əsaslandığı halda mümkündür. MEİKQ MEİ-nin fərdi məhsul qrupları üçün “Kateqoriya Qaydaları”dır və müxtəlif növ məhsullar üçün MEİ-nin necə aparılmasına dair ətraflı təlimat təklif edir. Bu kateqoriya qaydaları MEİ-ni sənayelər üzrə ardıcıl və müqayisə edilə bilən ətraf mühitə təsir hesabatları hazırlamaq üçün ideal hala gətirir, habelə hər bir məhsulun təsirinin eyni standartlara uyğun hesablanmasını və istehlakçıların eyni kateqoriyaya aid malları dəqiqliklə müqayisə edə bilməsini təmin edir.

MEİ-nin istehlakçılar üçün hansı faydaları vardır?

Vahid metodologiyanın tələb edilməsi istehlakçılara ətraf mühitə təsirləri qiymətləndirilən və açıqlanan yaşıl məhsulların düzgün seçilməsinə kömək edəcək. Həmçinin istehlakçılara mövcud məhsulları davamlı olmaları baxımından müqayisə etməyə, etiket və nişanların yoxlanıla bilən və etibarlı olmasını təmin etməyə imkan verəcək.

Bundan əlavə, şirkətlər məhsullarının təsirini qiymətləndirdikcə, daha davamlı məhsullar istehsal etmək üçün daha çox fürsət tapacaqlar. Eyni zamanda, keyfiyyətli və etibarlı məlumatların təmini istehlakçıları ekoloji cəhətdən təmiz məhsullar almağa təşviq edəcək, bununla da müsbət tendensiya olaraq ümumilikdə sənayeni inkişaf etdirəcək.

MEİ metodologiyasının nə vaxt və necə tələb olunacağı məlum olmasa da, HDQ kimi məhsulun təsirinin düzgün qiymətləndirilməsi çoxlu fayda gətirə biləcəyi şübhə doğurmur. Bunlar davamlılıq strategiyaları üçün kəmiyyət əsaslı təkliflər verirlər ki, bu da müştərilərə davamlı qərarlar qəbul etməyə məlumat verməklə kömək edə bilər. Bununla yanaşı, məhsulun təsiri barədə etibarlı məlumatlar davamlılıq iddialarını gücləndirir, istehlakçılar və maraqlı tərəflər arasında etimadı artırır və şirkətləri ekoloji performanslarının aşağı olması ittihamlarından qoruyur.

EU4Environment haqqında

“Avropa İttifaqı Ətraf Mühit Naminə” (EU4Environment – Yaşıl İqtisadiyyat) Təşəbbüsü ətraf mühitlə əlaqəli fəaliyyətə dəstək verilməsi, daha yaşıl inkişaf üçün imkanların nümayiş etdirilməsi və üzə çıxarılması, ekoloji riskləri və təsirləri daha yaxşı idarə etmək üçün mexanizmlərin qurulması ilə ŞT ölkələrinə təbii kapitalını qoruyub saxlamağa və insanların ekoloji rifahını artırmağa kömək edir.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və beş tərəfdaş təşkilat tərəfindən həyata keçirilir: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Dünya Bankı. Layihənin büdcəsi 20 milyon avrodur.

Fəaliyyət barədə ətraflı məlumat üçün www.eu4environment.org saytında mövcuddur.

Azərbaycanda resurs səmərəliliyi barədə ətraflı məlumat üçün www.recp.aceconsultants.az saytına daxil olun.

Aslan Şixəliyev
Qafqaz üçün Regional Ekoloji Mərkəz

Bütün xəbərlər Facebook səhifəmizdə