"Tullantıları tinglərə dəyiş" aksiyası keçirilib - YENİLƏNİB - FOTOLAR

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmaq məqsədilə “Bir ağac-min nəfəs” devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyası keçirilib. SİA xəbər verir ki, tingpaylama aksiyası Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində keçirilib. Bu aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub. Artıq 3 mövsümdür ki, bu aksiya həyata keçirilir.

Aksiya zamanı vətəndaşlar minimum 5 litr tutumu olan şüşə tullantı və ya 10 işlənmiş batareya təhvil verərək əvəzində ağac tingləri əldə ediblər. Tinglər əvəzində yığılmış tullantılar təkrar emala göndəriləcək.

Qeyd edək ki, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən bu aksiyaya 2022-ci il noyabr ayından etibarən start verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi davam edəcək olan bu aksiyalarda hər kəsi fəal iştirak etməyə, ağac əkməyə və qorumağa, eyni zamanda tullantıların təkrar emalına dəstək olmağa çağırıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə