Paytaxt sakinlərinin 23 fevrala BAXIŞI - SORĞU

23 fevral SSRİ-nin silahlı qüvvələrinin yarandığı gündür. Sovet dövründən indiki dövrümüzə kimi hər il 23 fevral Azərbaycanda “Kişilər Günü” kimi qeyd olunur. Ölkəmizdə bu bayramı keçirənlər, əsasən, sovet ordusunda xidmət etmiş yaşlı nəsillərdir. Lakin buna baxmayaraq bu bayramı qeyd edən gənc nəsillər də az deyil. Bəs 23 fevral Azərbaycanda qeyd olunmalıdırmı? Bu bayramın Azərbaycan vətəndaşları üçün nə kimi özəlliyi var? SİA mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib.

Paytaxt sakini İlyas Abbasov: "Bəli, 23 fevral sovet ordusunun yarandığı gündür və özümüz də orda xidmət etmişik. İndi şükür Allaha öz müstəqil dövlətimiz və ordumuz var. Kaş indi öz ordumuzda qulluq edərdik. 23 fevral “Kişilər günü”nü qeyd etmirəm, çünki kişilərə elə də güzəştlər yoxdur".

Paytaxt sakini İzzəddin Mustafayev: “23 fevral sovet dövründən qalma adət-ənənədir. Düzdür, təbrik edənlər olur. Məncə, 8 mart keçirildiyi kimi 23 fevral da keçirilsə, yaxşı olar".

Paytaxt sakini Bəxtiyar Babayev: "Biz bu bayramla əlaqədar, ancaq köhnə nəsilin yadına düşürük. Çünki cavanlar “Kişilər günü”nü bir o qədər də bilmir. Öz yaşıdlarımız məni təbrik edir".

Paytaxt sakini İlkin Hüseynov: "Mənə görə bu bayram sovet dövründən qalsa da, Azərbaycanda da keçirilir. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri sovet təsirində olublar. Əslində keçirilsə, yaxşı olar. Niyə 8 mart keçirilsin, bu bayram yox? Qadın və kişi bərabərliyi varsa, kişilərin də bayramı olmalıdır".

Paytaxt sakini Təbiət Vəliyev: "23 fevral azərbaycanlıların bayramı deyil. Çünki sovet ordusunun Azərbaycan ordusuna qalib gəldiyi gündür. Burada azərbaycanlıların qeyd edəcəyi bir vəziyyət yoxdur. Mənim fikrimcə, bizim “Kişilər günü” Silahlı Qüvvələrin yaranması günüdür".

Paytaxt sakini Nərmin Cəfərova: "Məncə yox, keçirilməli deyil. Çünki bu, Azərbaycana aid deyil. Lakin ətrafımda keçirənlər də var".

Paytaxt sakini Neymət Lətifov: "Mənə elə gəlir ki, bu bayram bizim üçün heç bir şey ifadə etmir. Allaha şükürlər olsun ki, artıq gənclərimiz, şəhidlərimiz kişiliyin nə olduğunu dünyaya bəyan etdilər. 8 noyabr bizim üçün “Kişilər günü” olaraq qeyd olunmalıdır. Çünki 8 noyabr bizim üçün daha çox əhəmiyyət kəsb edir, nəinki 23 fevral. Kişiliyin nə olduğunu 44 günlük müharibədə dünyaya göstərdik".

Paytaxt sakini Həmidağa Məcidov: "Bir vətəndaş olaraq düşünürəm ki, 23 fevralın “Kişilər günü” kimi qeyd olunması o qədər də düzgün deyil. Çünki biz müstəqil dövlətik, bizim milli atributlarımız var. Azərbaycan müstəqil, suveren dövlətdir. Yəni Azərbaycanda 8 noyabr Zəfər Günü, 27 sentyabr Anım Günü qeyd olunur. Silahlı Qüvvələrin yarandığı gün “Kişilər günü” kimi qeyd oluna bilər. 1923-cü ilin 23 fevralında Sovet ordusu yaranıb, amma bizim ordumuz ondan da tez yaranıb. 1918-ci il 26 iyununda Sovet ordusundan 3 il tez yaranıb. Düşünürəm ki, bununla bağlı bir qərar verilər, necə ki, ölkəmizdə rəsmi şəkildə 8 mart Beynəlxalq Qadınlar Günü qeyd olunur, bir tarixdə də “Kişilər Günü” qeyd olunar. Kişilərin xanımları təbrik etdiyi kimi, xanımlar da kişiləri təbrik edər".

Nurcan İsmayılova

Bütün xəbərlər Facebook səhifəmizdə