"Hər kəs inkişafdan öz səviyyəsinə uyğun şəkildə yararlanır” - KULTUROLOQ DANIŞDI

“Son zamanlarda informasiya texnologiyaları həyatımızın bütün sahələrini öz təsiri altına almağa başlayıb. Belə ki, biz gecələr belə smartfonlar vasitəsilə xəbərlər oxuyur, kinoya baxır, sosial media üzərindən tanışlarımızla əlaqə qururuq. Bunlar əslində olduqca normal haldır. Eyni vəziyyət keçmiş zaman üçün də keçərli olub. Sadəcə biz hazırda keçmişdəki vasitələrin elektron variantlarından istifadə edirik. İntellektual səviyyəsi, təhsili yüksək olan xalqlar elektron cihazlardan öz bilgilərini, peşəkarlıqlarını artırmaq məqsədilə istifadə edirlər”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, təhsilə önəm verməyən xalqlar isə yalnız fərdi, intim məsələləri yaymaq üçün bu texnoloji vasitələrə yönəlirlər: “Azərbaycan cəmiyyəti də yeni texnoloji avandanlıqlara önəm verir. Əhalinin say hesabına düşən internet imkanlarına, televiziya, radio sayına görə Azərbaycan dünyanın aparıcı ölkələri ilə rəqabətə girib. Hətta bizim insanlarımızda bir yox, bir neçə smartfon, kompyuter var və bu yaxşı haldır. Lakin istənilən halda inkişaf irəlilədikcə, biz də bir çox şeyi tarixin arxivinə atmışıq. Çünki bir smartfon özündə bir neçə cihazın xüsusiyyətini birləşdirə bilir. Hər bir halda bu cür texnologiyanın inkişafının həm müsbət, həm də mənfi tərəfi mövcuddur. Biz isə bu cür inkişafın tərəfdarıyıq. Çünki bildirdiyim kimi hər kəs bu inkişafdan öz səviyyəsinə uyğun şəkildə yararlanır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə