"Belə müəllimlər ciddi cəzalandırılmalıdır" - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Yer üzündə qloballaşma sürətləndikcə, cəmiyyət mürəkkəbləşdikcə hər bir ölkədə yeni nəslin keyfiyyəti daha mühüm əhəmiyyət kəsb edir. Yeni nəslin də keyfiyyətli formalaşmasında ən vacib rol oynayan komponentlərdən biri müəllim amilidir. Yəni, müəllimlər yüksək əxlaqi keyfiyyətə malik olmalıdır. Çünki müəllim hər zaman şagirdlərin təqlid etdiyi bir vasitədir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, müəllimin hər bir davranışı xüsusilə təhsil alanların daxili aləminin formalaşmasına mühüm təsir göstərir: “Ona görə də bugünkü gündə işə götürülən zaman müəllimlərin savadının yoxlanması öz yerində, amma pedoqoji müəssisələr əxlaqi məsələləri də diqqətdə saxlamalıdır. Eyni zamanda, bu, diplomlarda da əks oluna bilər. Ali təhsil müəssisələri 4 il müddətində bu sahədə tələbələrə dərin biliklər verməlidir və onların davranışlarını da müşahidə etməlidir. Ona görə də tələbə əgər istəyirsə ki diplomunda daha yaxşı göstərici olsun, bu məsələlərə diqqətlə yanaşacaq”.

Sosioloq sözlərinə davam edərək qeyd edib ki, məktəbliyə qarşı əxlaqsızlıq edən müəllimə çox ciddi cəza vermək və bunu da ictimai qınağın öhdəliyinə vermək lazımdır: “Hər kəs məlumatlanmalıdır. Çalışmaq lazımdır ki, müəllimliyin şərəfli bir peşə kimi nüfuzu yuxarı qalxsın. 50 il bundan öncə olduğu kimi, indi də müəllim deyəndə hər kəs başa düşsün ki, həmin adam çox əxlaqlı və mənəviyyatlı insandır. Bu istiqamətdə mühüm işlər görülməlidir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə