Bildiyimiz kimi, bir çox dünya ölkələrində və eləcə də Azərbaycanda Sevgililər Günü hər il fevralın 14-də qeyd olunur. Belə ki, bu gün sevgililər biri-birinə hədiyyələr alır, surprizlər edirlər. İndi cütlüklər arasında xüsusi bir bəhsəbəhslik mövzusu da var. Məsələn, birinin sevgilisi bahalı hədiyyə aldı, filankəsin nişanlısı ona belə sürpriz etdi və s. Bəs, sevgi maddiyat üzərində qurulub? Mənəvi hədiyyələrlə də qarşı tərəfi sevindirmək olmazmı?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Sevgililər günü necə meydana çıxıb?
Rəvayətə görə, imperator II Klavdi öz sərt qaydaları ilə Romanı qəddarcasına idarə edən hökmdar idi. Onun üçün ən böyük problem ordusunda döyüşmək üçün əsgər tapa bilməmək olub. Onun sözlərinə görə, bu vəziyyətin yeganə səbəbi romalı kişilərin sevgililərini və ailələrini tərk etmək istəməmələri idi. Buna görə də o, Romada bütün nişan və nikahları ləğv edib. Müqəddəs Valentina Klavdinin dövründə Romada yaşayan bir keşiş idi. Valentina özü kimi bir keşiş olan Müqəddəs Marius ilə birlikdə, Klavdinin qadağasına baxmayaraq, gizli şəkildə evləndi. Lakin imperator bu vəziyyətdən bir müddət sonra xəbər tutdu. Müqəddəs Valentin insanlarla evlənməyə davam etdiyi üçün həbs edildi və etdiyi hərəkətin cəzası olaraq çubuqla döyülərək öldürüldü. Valentina eramızın 270-ci il fevralın 14-də xristian şəhidliyində dəfn edildi. Həmin gündən etibarən Sevgililər Gününün qeyd olunduğu bildirilir.
Niyə sevgini ifadə etmək üçün xüsusi bir günü gözləmək lazımdır?
Bəzən tək bir gül, iki xoş söz, diqqət və qayğı da insanı xoşbəxt edir. Bunun üçün xüsusi bahalı hədiyyələr almağa ehtiyac yoxdur. Lakin günümüzdə mənəviyyata dəyər verən çox az insan var. Yəni, bunun anlamını hər kəs dərk edə bilməz. İndiki gənclər 51, 101, 1001 qızıl güllü buketlərə, "Iphone 14 pro max" telefonuna, 500 dollarla bəzədilmiş buketlərə, iri göstərişli ayı oyuncaqlara, çox bahalı ətirlərə, güllərlə bəzədilmiş lüks restoranlara və s. üstünlük verirlər. Bilirsiniz, bəlkə də həmin insana bunun heç biri maraqlı deyil. Sadəcə insanların əksəriyyəti camaatın sözü ilə yaşadığı üçün sırf öyünmək üçün bunları qarşı tərəfdən tələb edir.
Azərbaycanda Sevgililər Günü nə zaman qeyd edilir?
Məlum olduğu üzrə, 30 iyunda İlham və Fərizənin toyu olub. Ölkəmizdə Sevgililər günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi, 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilir. Lakin 14 fevralda qeyd edən cütlüklərin də sayı az deyil. Hətta əksəriyyət 14 fevral qeyd edir desək, yanılmarıq.
Bu tarix İlham və Fərizənin xatirəsinə ithafən qeyd edilir. Bu cütlüyün faciəvi məhəbbət hekayəsi bütün Azərbaycanı dərindən sarsıdıb. İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar. 2004-cü ildən isə Azərbaycanda Sevgililər Günü 30 iyun tarixində qeyd edilir.
Ailə quran gənclər ümid və arzu dolu idilər. Amma 1990-cı ilin gəlişi cavanlara bədbəxtlik gətirdi. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet tanklarının Bakıya girdiyi an İlham hadisələrin şahidi oldu. Bu şahidlik onu şəhidlik zirvəsinə qaldırdı. Həyat yoldaşının öldüyünü eşidən Fərizə onsuz həyatdan imtina etdi. İntihara cəhd edən Fərizəyə mane oldular, ilk cəhdinin boşa çıxmasına baxmayaraq, o, fikrindən dönmədi. O, sirkə içərək doğmalarına vida məktubu yazıb, İlhamsız yaşaya bilməyəcəyini bildirdi. Məktubunu sona çatdıra bilməyən Fərizə bətnindəki körpəsi ilə əbədiyyətə qovuşdu.
İlham və Fərizənin faciəvi talelərinə baxmayaraq, Azərbaycanda Sevgililər Günü onların nikaha daxil olduqları tarixdə qeyd edilir.
Mənəvi cəhətdən dəyərli olan hansı maraqlı hədiyyələri hazırlamaq olar?
1) Evdən boş bir banka götürüb onun içərisinə sevdiyinizin oxuyub sevinməsi üçün kiçik notlar yaza bilərsiniz. Bu not sayı 10 da ola bilər, 100 də. Hətta bunu rəngli kağızlarla etsəniz, daha maraqlı və ürəkaçan alınar.
2) Bir az bacarıqlısınızsa, rəsm çəkmək yaxşı fikir ola bilər. Portret və ya karikatura istəyir, amma heç bir bacarığım yoxdur deyirsinizsə, şəkilləri ilə yarada biləcəyiniz gözəl bir kolaj işləyə bilərsiniz.
3) Əl işi olan toxuma ən gözəl mənəvi hədiyyələr sırasındadır. Qadınlar belə işləri daha yaxşı bacarır. Bu, onun üşüməsini istəmədiyiniz anlamına gəlir.
4) Ona əllərinizlə hazırladığınız stəkan hədiyyə edə bilərsiniz. Bir ədəd sadə ağ rəng stəkan alıb onu istədiyiniz rəngə boyaya bilər və üzərinə fərqli yazılar yaza bilərsiniz.

Yəni, hər şeyi maddiyyatla əlaqələndirmək olmaz. Bəzən mənəvi hədiyyələr də insanları çox xoşbəxt edir. Məsələn, insan var ki, onun üçün içinə məktub yazıb şəkillərinizi düzdüyünüz dəftər, 1001 dollarlı buketdən daha daha dəyərlidir. Çünki onun üzərində xüsusi əmək-əziyyət var.
Yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: "Əslində, Müqəddəs Valentin Günü çox kədərli bir hadisəyə həsr olunub. Biz isə bu günü Sevgililər Günü adlandırırıq. Belə ki, ingilis şairi Şekspirin məşhur bir əsəri var. Bu əsərin adı "Romeo və Juliet"dir. Həmin əsərin mövzusu Sevgililər Günü ilə bağlıdır. Yəni, hər ikisinin mövzusu eyni problemlə əlaqədardır.
Belə bir maraqlı bayramı kommersiyalaşdırmaq yalnız və yalnız kapitalizm dövrünə təsadüf edir. Bilirsiniz ki, bir çox işbazlar bununla bağlı çox böyük marketinq və bazarlaşma kampaniyaları aparırlar. Sevgililər Günü münasibətilə güzəştlər, kredit verilməsi, hədiyyələrin satışı və s. bura aiddir. Onlar şəxsi mənafeləri üçün bu bayramdan faydalanaraq çoxlu pul qazamaq istəyirlər.
Bu bayram sözsüz ki, gənclərə və özünü gənc hesab edən şəxslərə aiddir. Bu günü daha çox kommersiyalaşdırmaq, pul qazanmaq qəribə qarşılansa da əslində normaldır. Digər bayramlarda da bu hallar baş verir. Lakin hər şey əndazəsində daha gözəldir.
Fikir versəniz, xarici ölkələrdə bu gün münasibətilə yalnız çiçək, gül və s. sadə hədiyyələr seçilir. Lakin Azərbaycanda lazım oldu-olmadı aşırı addımlar atmağa çalışırıq. Hətta ölkəmizdə Sevgililər Günü yarına avtomobil hədiyyə edənlərin sayı da az deyil. Həmin münasibətlər korlananda, nigahlar pozulanda həmin o var-dövlət və bağışlanan hədiyyələr üstündə boğuşmalar başlayır. Ona görə də insanlar yaxşı olar ki, bu gün münasibətilə biri-birinə kreativ hədiyyələr hazırlasınlar. Məsələn, sevgilinizlə dünyanın, yaxud ölkənin maraqlı bir ölkəsinə gedin, yaxud uşaqlar və qocalar evini ziyarət edin. Sevgililər günündə hədiyyələşmənin formatını dəyişmək lazımdır. İnanıram ki, insanlar bir gün mənəvi hədiyyələrə daha çox önəm verəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB