"İnzibati tənbehin olmasının tərəfdarıyam" -KULTUROLOQ DANIŞDI

“Şərq ölkələrində ictimai yerlərdə özünü aparma, davranış mədəniyyəti vaxtilə ya şəriət qanunları, ya da alimlər, filosofların göstərdiyi yol ilə tənzimlənirdi. Bu zaman ictimai davranış normaları pozulurdusa, çox ciddi cəzalar tətbiq olunurdu. Lakin biz hazırda Qədim Şərqdə yaşamırıq. Müasir dünyanın bir hissəsi və Avropanın aparıcı ölkələrindən birinə çevrilmişik. Buna görə də biz məcburuq ki, dünyada qəbul edilmiş sivil Qərb ölkələrinin davranış qaydaları, xüsusilə də ictimaiyyət içərisində özünü aparmaqla bağlı etik normaları müəyyənləşdirək”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da Sinqapurda olduğu kimi sərt ictimai davranış normaları və bununla bağlı inzibati məcəllədə xüsusi bölmə olmasını arzu edərdim: “Bu baxımdan mən ictimai nəqliyyatda və ictimai sosial mədəni ocaqlarda uca səslə danışan, siqaret çəkən, yerə tüpürən şəxslərə qarşı xüsusi sərt qaydaların tətbiq olunmasını istəyirəm. İctimai qınaq, ictimai maarifləndirmə ilə yanaşı inzibati tənbehin də olmasının tərəfdarıyam. İctimai nəqliyyatda vətəndaşlar növbə mədəniyyətindən tutmuş, uca səslə danışmağa yol verilməməsi ilə bağlı məlumatlara malik olmalıdırlar, hətta bunların qadağa olduğunu bilməlidirlər. Lakin bu cür qadağalar yoxdur. Düzdür, müəyyən problemlərlə bağlı inzibati dəyişikliklər həyata keçirilib. Bu cür məsələlərdə daha sərt qanunlar tətbiq olunmalıdır ki, vətəndaşlar ictimaiyyət içərisində davranış qaydlarına düzgün şəkildə əməl etsinlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə