Bu cür məhsulları ölkəyə necə buraxırlar? - MÜTƏXƏSSİS TƏNQİD ETDİ

“Artıq aylardır həm qida mütəxəssisləri, həm də jurnalistlər istehlakçıların aldadılması mövzusunda həyəcan təbili çalırdı, lakin bunun qarşısı alınmırdı. Nəhayət ki, monitorinqlər aparılıb”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, məlum olub ki, ölkəyə idxal olunan toyuq məhsulları geri çağırılmalıdır: “Əgər bu toyuqların üçü 10-11 manata ölkədə satışa çıxarılırsa, görün bu toyuğun maya dəyəri nə qədərdir?! Yəqin ki bunlar ya ölü, ya da mənşəyi məlum olmayan toyuqlardır ki, ölkəyə belə ucuz idxal olunur. Hətta biz ən yaxşı halda bu toyuqların yumurtadan kəsildiyindən şübhələnirdik. Amma sən demə, ölkəyə gömrükdən heç mənşəyi bilinməyən toyuqlar keçir”.

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, gömrükdə AQTA nəzarəti olduğu halda bu toyuqların mənşəyi araşdırılmır: “Ölkəyə gəldikdən sonra isə monitorinqlər keçirilir. Bəs bu cür məhsulları ölkəyə necə buraxırlar? İlk öncə gömrükdə yoxlamalar aparılmalıdır. Nə yaxşı ki, gec də olsa monitorinqlər aparılıb və geri qaytarılıb. Düşünürəm ki, bu mənşəyi bilinməyən toyuqları nəinki geri qaytarmaq, hətta məhv etmək lazımdır. Biz bunu aylardır deyirik. AQTA-nın nümayəndələri ilk öncə gömrükdə məhsulların mənşəyini aparmalıdır. Çünki məhsulların belə ucuz satılması şübhəli haldır. Ən sonunda AQTA da bu şübhələri aşkar etdi”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə