Uşaqlarda piylənmə hansı səbəblərdən yaranır? - DİETOLOQ DANIŞDI

“Son illərdə bütün dünyada çəki problemi olan uşaqların sayında sürətli artım müşahidə olunur və bu, həm pediatrların, həm də valideynlərin problemə ciddi yanaşmasını tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə deyib.

Onun sözlərinə görə, uşaqlarda piylənmənin inkişafında həm genetik, həm də mühit faktorlarının, həyat tərzinin rolu var: “Doğuş zamanı bədən kütləsi normadan, yəni 4 kq-dan artıq olan uşaqlar risk qrupuna aiddirlər.

Körpələrdə piylənmə yüksək kalorili süni süd qarışıqlarının həddindən artıq yedizdirilməsi nəticəsində əmələ gələ bilər. Ən azı ilk altı ay ərzində ana südü ilə qidalanma erkən piylənmənin qarşısını ala bilər”.

Dietoloq sözlərinə davam edərək bildirib ki, uşaqlar məktəbdə və ev tapşırıqlarını edərkən masa arxasında oturmaqla, televizora, telefona və ya planşetə baxmaqla keçirirlər: “Bu da nəticə etibarı ilə artıq çəkiyə səbəb olur. Bundan başqa, uşaqda müxtəlif psixoloji çətinliklər, özgüvən əskikliyi, komplekslər meydana çıxa bilər.

Uşaqlıq dövründə piylənmənin 2 əsas növü var: alimentar (düzgün olmayan qida rasionunun həyat tərzinə daxil edilməsi səbəbindən yaranır) və endogen (daxili orqan xəstəlikləri səbəbindən).

Ümumiləşdirsək, uşaqlarda piylənmə əsasən 3 səbəbdən yaranır:

1. Normadan artıq qidalanma ilə yaranan köklük deyə bir şey var. Valideynlərdən ən az birinin çəki almağa meyliliyi varsa, ailənin yüksək kalorili qidalardan istifadəsi baş verir ki, bu zaman şirniyyat, un məmulatları, yağlı qidalar rasiona salınır.

2. Uşaq vaxtının çoxunu televiziya və ya kompyuterə sərf edirsə, az hərəkət edir və passiv həyat sürür, idmanla məşğul olmur, oynamır. Bu alimentar kökəlmənin başqa bir nümunəsidir.

3.Əgər körpə normadan artıq çəkidə doğularsa, tiroid hormonunun yoxlanmasına xüsusi diqqət yetirilməlidir və mütləq uşaq endokrinoloquna göstərilməlidir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə